BƏRDƏLİLƏR İLİN BİRİNCİ YARISINI UĞURLA BAŞA VURMUŞLAR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Bərdə Rayon İcra Hakimiyyətində 2007-ci ilin birinci yarısında rayonun sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir.
Rayon icra hakimiyyətinin başçısı İlham Ağayev Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə avqustun 1-də keçirilmiş Nazirlər Kabinetinin 2007-ci ilin birinci yarısında sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısının nitqindən irəli gələn vəzifələr barədə yığıncaq iştirakçılarına geniş məlumat vermişdir. Natiq bildirmişdir ki, Azərbaycan 2007-ci ilin birinci yarısında iqtisadi artımın sürətinə görə MDB məkanında liderliyini qoruyub saxlamışdır.
Məruzəçi demişdir ki, ölkədə əldə edilmiş uğurlara öz töhfəsini verməyə çalışan bərdəlilər də 2007-ci ilin birinci yarımilliyində bir sıra nailiyyətlər qazanmışlar. 2007-ci ilin birinci yarısında rayonda iqtisadiyyatın əsas sahələri üzrə 49,9 milyon manatlıq, ötən ilin müvafiq dövründəkindən 5,2 milyon manatlıq çox məhsul istehsal edilmişdir. 2006-cı ilin müvafiq dövrü ilə müqayisədə pərakəndə əmtəə dövriyyəsinin həcmi 16,9 faiz artmış, cari ilin 6 ayında istehlak bazarında əhaliyə 41,6 milyon manatlıq və ya ötən ildəkindən 17,2 faiz çox istehlak malları satılmış və pullu xidmətlər göstərilmişdir.
Kənd təsərrüfatı sahəsində uğurlu nəticələr qazanılmışdır. 9152 hektar taxıl sahəsindən 29,3 min ton taxıl istehsal edilmiş, hər hektardan orta hesabla 32 sentner məhsul götürülmüşdür. İndiyədək 24,9 min ton tərəvəz, 4,4 min ton bostan, 2,3 min ton kartof yığılmışdır.
Hesabat dövründə ötən ilə nisbətən ət istehsalı 1,4 faiz, süd istehsalı 1,9 faiz, yumurta istehsalı 6,8 faiz, yun istehsalı isə 9,6 faiz artmış, qaramalın baş sayı 73,1 minə, qoyun-keçilərin baş sayı isə 121,5 minə çatdırılmışdır.
Hesabat dövründə tikinti, abadlıq, təhsil, səhiyyə, mədəniyyət və digər sosial sahələrdə də böyük uğurlar qazanılmışdır.
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının qəbul edilməsindən ötən dövr ərzində rayonda 7 min 240 yeni iş yeri açılmışdır ki, bunun da 2 min 926-sı və ya 40 faizi 2006-2007-ci illərin payına düşür.
Məruzə ətrafında çıxış edənlər mövcud problemlərdən və qarşıda duran vəzifələrdən danışmışlar.
Yığıncaqda Prezidentin İcra Aparatının regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin məsul işçisi Niyaz Əliyev, Milli Məclisin deputatı Gövhər Baxşəliyeva iştirak etmişlər.