BƏRDƏNİN DAHA BİR KƏNDİNƏ TƏBİİ QAZ VERİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Bərdə rayonunun Yeni Daşkənd kəndinə təbii qaz verilmişdir.
Bu münasibətlə keçirilən mərasimdə çıxış edən rayon icra hakimiyyətinin başçısı İlham Ağayev Bərdə şəhərinin əksər hissəsinin və 5 kəndin qazlaşdırıldığını bildirmişdir. O qeyd etmişdir ki, yaxın vaxtlarda rayonun Zümürxan, Dilənçilər və İmamqulubəyli kəndlərinə də təbii qaz veriləcəkdir. Bundan əlavə, rayonun Mehdixanlı ərazi vahidində 7, Mollagüllər ərazi vahidində isə 3 kəndin qazlaşdırılması işləri davam etdirilir.
Mərasimdə iştirak edən Milli Məclisin deputatı Zahid Oruc kəndə təbii qaz verilməsi münasibətilə sakinləri təbrik etmiş, son illər respublikada gedən sosial-iqtisadi inkişafdan danışmışdır.
Çıxış edən kənd sakinləri onlara göstərilən diqqət və qayğıya görə, minnətdarlıqlarını bildirmişlər.