BERLİNDƏ XƏZƏRİN EKOLOGİYASI MÖVZUSUNDA SİMPOZİUM KEÇİRİLMİŞDİR
Martın 11-13-də Berlində “Avropa Birliyi və Xəzər hövzəsi regionu dialoqda: bölgədə inkişaf və ətraf mühitin mühafizəsi siyasəti mövzusunda elmi simpozium keçirilmişdir. Berlin texniki universitetinin təşkil etdiyi bu simpoziumu Almaniya hökuməti və xüsusilə AFR-in İqtisadi İnkişaf Nazirliyi dəstəkləmişdir.
Azərbaycanın, Rusiyanın, Qazaxıstanın ekoloq alimləri və ekspertləri simpoziumda iştirak etmişlər. Türkmənistan bu mötəbər elmi məclisə nümayəndələrini göndərməmiş, İranın təmsilçiləri isə burada yalnız müşahidəçi kimi iştirak etmişlər.
Azərbaycan, Rusiya və Qazaxıstan Xəzərin statusu, onun dibinin milli sektorlara bölünməsi barədə yekdil fikirdə olduqlarını simpoziumda nümayiş etdirmişlər. Azərbaycanlı alimlər və mütəxəssislər bu elmi məclisin ayrı-ayrı bölmələrindəki məruzələrində Xəzərin problemlərinə dair maraqlı fikirlər irəli sürmüşlər.
Beynəlxalq simpoziumda Xəzər regionunun inkişafı və ətraf mühitin mühafizəsindən geniş söhbət açılmışdır. Xəzər hövzəsinin karbohidrogen ehtiyatlarının xarici şirkətlərin iştirakı ilə istismarı, ölkələrimizin kommersiya, texniki və ekoloji məsələlərdə qarşılıqlı faydalı əməkdaşlığı, neftin magistral kəmərlərlə təhlükəsiz nəql edilməsi yolları təhlil edilmişdir. Çıxış edən ekspert-ekoloqların, o cümlədən Qazaxıstan və Azərbaycan alimlərinin elmi məruzələrində Xəzərin ehtiyatlarının tədqiqi, istismarı məsələlərinə toxunulmuş, onun flora və faunasının, Xəzərətrafı yaşayış zonalarının vəziyyəti ətraflı təhlil edilmişdir.
Azərbaycan nümayəndəsi, prezidentin icra aparatının ictimai-siyasi şöbəsinin bölmə müdiri, Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq kafedrasının müdiri Rüstəm Məmmədov simpoziumdakı məruzəsində Xəzərdə yaranmış ekoloji çətinliklərin reallıq olduğunu bildirdi. O, Xəzər neftinin çoxmarşrutlu nəqli, neft hasilatında ekoloji tarazlığı qoruyub-saxlamağın vacibliyi, bu məqsədlə müasir texnologiyadan istifadə etməyin zəruriliyi məsələlərinə toxundu.
Simpoziumda bioloji ehtiyatları qorumağın iqtisadi və ekoloji cəhətdən sərfəli yollarını tapmağın vacibliyi vurğulandı, Xəzəryani bütün dövlətlərin bu sututarın problemlərinin həllində iştirak etməsinin zəruriliyi bildirildi. Rüstəm Məmmədov ekologiya və hüquq normalarını əsas tutaraq problemin siyasi-ekoloji modelini hazırlamağa və təcili həyata keçirməyə qadir beynəlxalq işçi qrupunun yaradılması təklifini irəli sürdü.
Yusif Xəlilov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin