Bərpaolunan enerji mənbələri qlobal istiləşməyə qarşı mübarizəyə mühüm töhfə olacaq
Bakı, 12 iyun, AZƏRTAC
COVID-19 mədən yanacağı növləri ilə bağlı sənayeyə ciddi zərbə vurub. Bununla əlaqədar, bərpaolunan enerji mənbələrinə keçid barədə ciddi fikirləşmək lazımdır, çünki bu mənbələr ekoloji cəhətdən təmiz olmaqla bərabər, həm də iqtisadi baxımdan sərfəlidir.
AZƏRTAC BMT-nin saytına istinadla xəbər verir ki, BMT-nin Ətraf Mühit Proqramının (UNEP) himayəsi ilə hazırlanmış yeni məruzə bu məsələlərə həsr edilib.
Son illərdə müəssisələrin və fermerlərin çoxu yel dəyirmanları və ya günəş batareyaları şəklində enerji mənbələrindən fəal istifadə edirlər. Bəzi dövlətlərdə su elektrik stansiyalarına üstünlük verilir. İnvestorlar “yaşıl” texnologiyaların inkişafı ilə bağlı layihələri həvəslə maliyyələşdirirlər. Dünyada bərpaolunan enerji mənbələrinə tələbat artır. Məruzədə bildirilir ki, bərpaolunan enerji almaq üçün qurğuların dəyəri azalır, onların gücü isə sürətlə artır. Deməli, investisiyalar böyük dividendlər gətirir. Məsələn, 2019-cu ildə iri su elektrik stansiyaları istisna olmaqla digər bərpaolunan enerji mənbələrinin gücü 2018-ci ildəki ilə müqayisədə 184 GVt artıb. Müqayisə üçün xatırladaq ki, 2018-ci ildə bu sahəyə qoyulmuş investisiyalar əvvəlki ildəkindən cəmi 1 faiz çox olaraq 282,2 milyard dollara çatıb.
Texnoloji təkmilləşdirmələr sayəsində külək və günəş qurğularının inkişafı ilə bağlı xərclər azalmaqda davam edir. Bundan əlavə, bərpaolunan enerji mənbələri miqyası artır, hərraclarda rəqabət sərtləşir. 2019-cu ilin ikinci yarısında yeni inşa edilmiş günəş fotoelektrik stansiyalarından enerji alınması üçün xərclər 10 il əvvəlki göstərici ilə müqayisədə 83 faiz aşağı olub.
Bərpaolunan enerji mənbələrinin inkişaf etdirilməsi koronavirus böhranından sonra iqtisadiyyatın bərpasına, yeni, ekoloji cəhətdən təmiz və təhlükəsiz iş yerləri yaradılmasına kömək edə bilər.
2019-cu ildə dünya üzrə ümumi enerji istehsalında bərpaolunan enerji mənbələrinin payı 13,4 faiz, 2018-ci ildə 12,4 faiz, 2009-cu ildə isə 5,9 faiz olub.