Beş tondan artıq narkotik vasitə məhv edilib VİDEO
Bakı, 11 iyun, AZƏRTAC
İyunun 11-də hüquq-mühafizə orqanları tərəfindən dövriyyədən çıxarılmış, barələrində məhvetmə qərarı qəbul olunmuş maddi sübutların tam həcmdə məhv edilməsi ilə əlaqədar 1446 məhkəmə hökmü ilə barəsində məhvetmə qərarı qəbul olunmuş narkotik vasitələr aidiyyəti təşkilatların və media nümayəndələrinin iştirakı ilə yandırma üsulu ilə məhv edilib.
AZƏRTAC-ın verdiyi xəbərə görə, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun rəhbəri Fəqan Şahverdiyev jurnalistlərə açıqlamasında bildirib ki, ümumilikdə 5 ton 155 kiloqram müxtəlif növ narkotik vasitə (526 kiloqram heroin, 4 ton 135 kiloqram marixuana, 109 kiloqram tiryək, 164 kiloqram həşiş, 1 kiloqram kokain, 220 kiloqram), 140 min 620 həb və psixotrop maddə (137 min 455 ədəd həb, 3165 ədəd həb psixotrop maddə), eləcə də 13 min 367 çətənə bitkisi yandırılıb.
Məhv edilən narkotik vasitələrin qara bazarda qiyməti 147 milyon manat təşkil edir.
“Bu gün məhv edilən narkotik vasitələrin 4 ton 500 kiloqramı sırf Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində dövriyyədən götürülənlərdir. Digər hissəsi isə Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti və Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən götürülmüş narkotik vasitələrdir”, - deyə F.Şahverdiyev bildirib.