MƏDƏNİYYƏT
BEYNƏLMİLƏL MƏDƏNİYYƏT MƏRKƏZİNİN ON İLLİYİ
Daşkənddə Beynəlmiləl mədəniyyət mərkəzinin yaradılmasının 10 illiyi ilə bağlı təntənəli yığıncaq keçirilmişdir. Yığıncaqda ölkədə fəaliyyət göstərən milli mədəniyyət mərkəzlərinin rəhbərləri iştirak etmişlər. Daşkənddəki Azərbaycan mədəniyyət mərkəzinin rəhbəri İsmayıl Məmmədov və Səmərqənddəki mədəniyyət mərkəzinin sədri Səxavət Ociyevin də iştirak etdiyi təntənəli yığıncağı Beynəlmiləl mədəniyyət mərkəzinin sədri Kərim Rəsulov açaraq ötən on ildə görülən işlərdən danışmışdır.
Baş nazirin müavini Həmidulla Karamatov Özbəkistan prezidenti İslam Kərimovun bu münasibətlə yığıncaq iştirakçılarına təbrikini oxumuşdur. Təbrikdə deyilir: - Ölkəmiz çox zəngindir. Onun ən qiymətli sərvəti isə sülhdür. Respublikada millətlərarası həmrəylik və vətəndaş həmrəyliyi hökm sürür. Bu gün ölkəmizdə xalqların və millətlərin etnik xüsusiyyətlərinin, dillərinin, adət-ənənələrinin qorunub saxlanmasında aparıcı rol oynayan milli mədəniyyət mərkəzlərinin inkişafı üçün hər cür şərait yaradılmışdır.
Səxavət Ociyev AZƏRTAC-ın müxbiri ilə söhbətində demişdir: - Özbəkistanın 25 milyonluq əhalisinin 6 milyonunu digər xalqlar təşkil edir. Özbəkistanda yaşayan 130-dan artıq millət və xalqın hüquqları ölkə qanunları və Konstitusiyası ilə qorunur. Xalqlar arasında bərabərlik hüququ mövcuddur və hökumət ölkədə yaşayan xalqların adət-ənənələrinin qorunub saxlanmasına şərait yaradır.
S.Ociyev daha sonra demişdir: - İndi Səmərqənddə 8 mindən çox soydaşımız yaşayır. Onların demək olar ki, hamısı adət-ənənələrimizə əməl edir, dilimizi, dinimizi inkişaf etdirir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd