BEYNƏLXALQ CİNAYƏT MƏHKƏMƏSİ GÜRCÜSTANIN RUSİYAYA QARŞI İDDİA QALDIRMASINI RƏSMƏN TƏSDİQ ETMİŞDİR
AZƏRTAC İTAR-TASS-a istinadla xəbər verir ki, Beynəlxalq Cinayət Məhkəməsi (BCM) Rusiyanın “Gürcüstan ərazisində və bu ərazinin ətrafında hərəkətləri ilə əlaqədar” Gürcüstanın Rusiyaya qarşı iddia ilə bu məhkəməyə müraciət etməsini rəsmən təsdiqləmişdir.
BCM tərəfindən yayılmış məlumatda göstərilir ki, Gürcüstan Rusiyanı irqi ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasına dair 1965-ci il Beynəlxalq Konvensiyasını pozmaqda ittiham edir və Gürcüstan ərazisində bütün insanların bu sənədlə zəmanət verilən fərdi hüquqlarına tam hörmət bəslənməsini və bu hüquqların qorunmasını tələb edir.
Gürcüstan tərəfi iddia edir ki, “Rusiya Federasiyası özünün dövlət orqanları, dövlət agentləri, dövlət hakimiyyətini həyata keçirən başqa insanlar və obyektlər vasitəsilə, eləcə də Cənubi Osetiyada və Abxaziyada onun təlimatları əsasında, rəhbərliyi və nəzarəti altında fəaliyyət göstərən separatçı qüvvələr vasitəsilə adı çəkilən Konvensiya üzrə özünün fundamental öhdəliklərinin ciddi şəkildə pozulmasına görə cavabdehdir”.
Gürcüstanın iddialarına görə, Rusiya tərəfindən bu cür pozuntular 1990-cı ildən 2008-ci ilin avqust ayına qədər “onun Cənubi Osetiyaya və Abxaziyaya hərbi müdaxiləsinin” üç fazası şəklində baş vermişdir. Gürcüstan Beynəlxalq Cinayət Məhkəməsinə Rusiyadan “Konvensiya üzrə öz öhdəliklərinin yerinə yetirilməsi üçün zəruri olan bütün tədbirləri görməsinin” tələb olunması barədə xahişlə müraciət etmişdir.
BCM-in baş prokuroru Luis Moreno-Okampo bu münaqişə ilə əlaqədar məhkəmənin ilkin təhqiqata başlaya biləcəyini istisna etməmişdir.