SİYASƏT
Beynəlxalq Əsassız Erməni İddiaları ilə Mübarizə Dərnəyi beynəlxalq təşkilatları Ermənistana qarşı sanksiyalar tətbiq etməyə çağırıb
Bakı, 5 avqust (AZƏRTAC). Beynəlxalq Əsassız Erməni İddiaları ilə Mübarizə Dərnəyi (ASİMDER) beynəlxalq təşkilatları Ermənistana qarşı sanksiyalar tətbiq etməyə çağırıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, dərnəyin sədri Göksel Gülbey işğalçı Ermənistan silahlı qüvvələrinin son günlər ərzində Ermənistan-Azərbaycan dövlət sərhədinin və qoşunların təmas xəttinin müxtəlif istiqamətlərində atəşkəs rejimini pozması nəticəsində yaranmış vəziyyətlə əlaqədar brifinq keçirib. Brifinqdə Ermənistan tərəfinin təxribatçı addımları ilə əlaqədar ASİMDER tərəfindən beynəlxalq qurumlara ünvanlanan bəyanatla bağlı KİV nümayəndələrinə məlumat verilib.
Bəyanatda ASİMDER son günlər cəbhədəki gərginliyin ciddi narahatlıq yaratdığını, Azərbaycan diasporunun Azərbaycan xalqının və dövlətinin yanında olduğunu ifadə edərək, Ermənistanın təxribatçı hərəkətlərinin regionda gərginliyi artırdığını vurğulayıb.
Eyni zamanda, qeyd olunub ki, BMT və insan hüquqlarının müdafiəsi missiyasını öz üzərinə götürmüş beynəlxalq təşkilatlar bu hadisəyə ikili standartlarla yanaşmaqdan əl çəkməli və Ermənistan tərəfini təcavüzə son qoymağa məcbur etməlidir.
Sənəddə beynəlxalq birliyin regionda təhlükə mənbəyi olan Ermənistana qarşı iqtisadi və siyasi embarqolar tətbiq etməsinin vacibliyi vurğulanıb.