Beynəlxalq Fair-play Komitəsi Qurban Qurbanovu 50 illik yubileyi münasibətilə təbrik edib
Bakı, 13 aprel, AZƏRTAC
Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) rəhbərliyi bu gün 50 illik yubileyini qeyd edən “Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanovu komandanın Suraxanıda yerləşən bazasında təbrik edib.
AZƏRTAC xəbər verir ki, AİJA-nın prezidenti Eldar İsmayılov, vitse-prezidentlər Nərgiz Mahmudzadə və Anar Şabanoğlu məşqçimizə Azərbaycan futbolunun inkişafı və ölkəmizin beynəlxalq imicinin daha da yaxşılaşdırılması istiqamətində göstərdiyi misilsiz xidmətlərə görə təşəkkürlərini bildiriblər.
AİJA beynəlxalq və nüfuzlu idman təşkilatları, o cümlədən Beynəlxalq Fair-play Komitəsi ilə əməkdaşlıq edir. Komitənin prezidenti Jeno Kamyutinin Qurban Qurbanovun 50 illik yubileyi münasibətilə AİJA-nın ünvanına göndərdiyi rəsmi təbrik məktubu yubilyara təqdim edilib.
E.İsmayılov qeyd edib ki, Q.Qurbanovun UEFA Konfrans Liqasının 1/16 final mərhələsinin "Marsel" ilə oyundakı fair-play jesti Beynəlxalq Fair-Play Komitəsi tərəfindən böyük rəğbətlə qarşılanıb. AİJA-nın komitəyə Qurban Qurbanovun 2022-ci ildə dünya fair-play mükafatına namizədliyi ilə bağlı təşəbbüsü və rəsmi müraciəti beynəlxalq qurum tərəfindən müsbət qarşılanıb.