BEYNƏLXALQ HUMANİTAR TƏŞKİLATLARLA ƏMƏKDAŞLIQ GENİŞLƏNİR
Tədbiri “Uşaqları qoruyun” beynəlxalq humanitar təşkilatın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Triqve Nelke açdı.
Baş nazirin müavini, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov “Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə Dövlət Proqramı”na uyğun olaraq respublikamızda görülən işlərdən, bu ilin fevralında “Azərbaycanda 10 illik humanitar fəaliyyət: təsir, qazanılmış təcrübə, gələcək istiqamətlər” mövzusunda keçirilmiş beynəlxalq konfransda irəli sürülmüş təklif və tapşırıqların icrası, “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrasını təmin etmək üçün görülən zəruri tədbirlərdən danışdı. O qeyd etdi ki, Azərbaycan hökuməti ölkəmizdə fəaliyyət göstərən humanitar təşkilatların, mikromaliyyə qurumlarının maliyyə mənbəyindən asılı olmayaraq, sosial sığortadan və mənfəət vergisindən azad edilməsi barədə qərar hazırlayır. Bu təşkilatlara müəyyən güzəştlər edilməsi məsələsi də görüşdə müzakirə olundu.
Görüşdə “Mercy Corps” beynəlxalq humanitar yardım təşkilatının ölkəmizdəki nümayəndəliyinin rəhbəri Uilyam Holbruk qaçqınların və məcburi köçkünlərin problemlərinin həllində təmsil etdiyi qurumun Azərbaycan hökuməti ilə əməkdaşlığından söz açdı. “FİNCA” beynəlxalq humanitar təşkilatının Azərbaycandakı təmsilçisi Cef Flovers mikromaliyyələşdirmə qurumlarının qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində fəaliyyətindən danışdı.
Azərbaycan Mikromaliyyə Assosiasiyasının sədri Çingiz Məmmədov isə təmsil etdiyi qurumun respublikamızda yoxsulluqla mübarizə sahəsində gördüyü işlər, ölkəmizdəki mövcud mikromaliyyə mühiti və onun inkişafı barədə məlumat verdi. O bildirdi ki, hazırda 40 mindən çox aztəminatlı insan və kiçik sahibkar Assosiasiyaya daxil olan təşkilatlardan kredit götürmüşdür. Verilmiş kreditlərin ümumi məbləği 100 milyon ABŞ dollarını ötmüşdür.
Tədbirdə müzakirə edilən məsələlər barədə fikir mübadiləsi aparıldı. Əli Həsənov görüşə yekun vurdu.
Görüşdə BMT-nin ölkəmizdəki təmsilçisi Marko Borsotti iştirak edirdi.