BEYNƏLXALQ HÜQUQİ ƏMƏKDAŞLIQ GENİŞLƏNİR
Azərbaycan Prezidenti Heydər Əliyevin rəhbərliyi ilə respublikada həyata keçirilən demokratik islahatlar, müdrik daxili və xarici siyasət nəticəsində ölkəmizin dünya birliyinə inteqrasiyası sürətlənmiş, nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıq genişlənmişdir.
Ədalət mühakiməsinin səmərəli həyata keçirilməsi və cinayətkarlığa qarşı mübarizə sahəsində dünya ölkələrinin prokurorluq orqanlarının və digər əlaqədar strukturların səylərini birləşdirən Beynəlxalq Prokurorlar Assosiasiyası (BPA) ilə Azərbaycan arasında da sıx əlaqələr yaradılmış, ölkəmiz bu nüfuzlu beynəlxalq təşkilatın İcraiyyə Komitəsində təmsil edilmişdir.
Dövlətimizin beynəlxalq nüfuzunun artmasının nəticəsi olaraq, ötən il BPA İcraiyyə Komitəsinin iclası Bakı şəhərində keçirilmiş, iclas iştirakçıları - müxtəlif dövlətlərin prokurorluq, ədliyyə orqanlarının və digər hüquq mühafizə xidmətlərinin rəhbərləri ölkə başçısı tərəfindən qəbul edilmişlər.
Bu günlərdə Fransanın Lion şəhərində BPA İcraiyyə Komitəsinin növbəti iclası keçirilmişdir. İclasda Assosiasiyanın rəhbər heyətinin hesabatları dinlənilmiş, İcraiyyə Komitəsinin üzvü kimi Azərbaycan ədliyyə nazirinin təşkilatın fəaliyyətinin genişləndirilməsi sahəsində səyləri təqdirəlayiq qiymətləndirilmişdir.
İclasda terrorizmlə mübarizəyə dair cari ildə Vaşinqtonda keçiriləcək konfransın təşkilati məsələləri müzakirə olunmuşdur. Tədbirə hazırlıqla bağlı ABŞ Ədliyyə Nazirliyinin nümayəndəsi hesabat vermiş, bir çox dövlətlərin prokurorluq, ədliyyə və digər hüquq mühafizə orqanları rəhbərlərinin, hökumət üzvlərinin konfransda iştirakının nəzərdə tutulduğu bildirilmişdir.
İclasda təşkilatın növbəti ümumi yığıncaqlarının 2004-cü ildə Seulda (Cənubi Koreya), 2005-ci ildə Kopenhagendə (Danimarka), 2006-cı ildə isə Budapeştdə (Macarıstan) keçirilməsi barədə təkliflərə baxılmışdır. Bundan əlavə, Fransa Ədliyyə Nazirliyinin Beynəlxalq Prokurorlar Assosiasiyasına üzv qəbul olunması barədə müraciətinə baxılmış və icraiyyə komitəsi üzvlərinin müsbət rəyi əsasında bu məsələ həllini tapmışdır.
Lionda Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədovun və Fransa ədliyyə naziri Dominik Perbenin görüşü keçirilmişdir. Görüşdə ölkələrimizin ədliyyə orqanları arasında əməkdaşlığın hər iki tərəf üçün əhəmiyyəti vurğulanmış, Avropanın ən məşhur tədris ocaqlarından olan Fransa Milli Hakimlər Məktəbi nümayəndələrinin həmin günlərdə Bakıda səfərdə olması məmnuniyyətlə qeyd edilmişdir.
BPA İcraiyyə Komitəsi iclasının Lionda keçirilməsi ilə bağlı İnterpolun həmin şəhərdə yerləşən iqamətgahında mütəşəkkil cinayətkarlıqla mübarizədə əməkdaşlığa dair xüsusi konfrans təşkil edilmiş, faydalı fikir mübadiləsi, o cümlədən cinayətkarların verilməsi (ekstradisiyası) ilə bağlı problemlər üzrə ətraflı müzakirələr aparılmışdır. Müzakirələrdə Azərbaycanın da mövqeyi bildirilmişdir. Konfransın gedişində İnterpolun baş katibi Roland Nobi ilə Azərbaycanın ədliyyə naziri arasında görüş keçirilmişdir.
Səfər çərçivəsində müxtəlif dövlətlərin prokurorluq, ədliyyə orqanlarının və digər hüquq mühafizə xidmətlərinin rəhbərləri ilə faydalı görüşlər keçirilmiş, cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlığın inkişafının əhəmiyyəti vurğulanmışdır.