Beynəlxalq Kimya Olimpiadasının gümüş medalçısı: Hər gün 10–12 saat hazırlaşırdıq
Bakı, 21 iyul, AZƏRTAC
Azərbaycan məktəbliləri Özbəkistanın Daşkənd şəhərində keçirilən 57-ci Beynəlxalq Kimya Olimpiadasında (IChO) bir gümüş və iki bürünc medal qazanıblar. Olimpiadada Gəncə şəhər Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi Yaqub Baratlı gümüş medala layiq görülüb. Yaqub Baratlı AZƏRTAC-a müsahibəsində hazırlıq prosesi və olimpiada təəssüratlarından bəhs edib.
– Beynəlxalq Kimya Olimpiadasına hazırlıq prosesin necə keçdi? Bu müddətdə hansı çətinliklərlə qarşılaşdın?
– Hər il Beynəlxalq Kimya Olimpiadasına hazırlaşmaq üçün fevral ayından etibarən rəsmi qurum tərəfindən “Hazırlıq sualları” adlanan suallar toplusu paylaşılır. Şagirdlər həmin il Beynəlxalq Kimya Olimpiadasında qarşılaşa biləcəkləri mövzular və suallarla əvvəlcədən tanış olurlar. Mən də fevral ayından etibarən həmin mövzular üzərində işləməyə başladım. İnternetdə apardığım axtarışlar nəticəsində əldə etdiyim müxtəlif xarici mənbələr mövzuları daha dərindən mənimsəməyimə kömək etdi. Bundan əlavə, biz Türkiyə milli komandası ilə birlikdə Ərzurum şəhərində 12 günlük nəzəri və praktiki məşğələlərə cəlb olunduq. Hazırlıq zamanı ən çətin məqam isə intensiv məşqlər dövründə hər gün 10–12 saat çalışmağa məcbur olmağımız idi.

– Daha yaxşı nəticəni nəzəri tapşırıqlarda əldə edirdin, yoxsa praktiki? Bunun səbəbi nə idi?
– Builki olimpiadanın tapşırıqlarına baxsaq, nəzəri suallar çətin, praktiki tapşırıqlar isə əvvəlki illərlə müqayisədə daha asan idi. Hazırlıq zamanı qazandığım praktiki bacarıqlar və əvvəlki olimpiadalardan topladığım təcrübə sayəsində praktiki tur gümüş medal qazanmağımda böyük rol oynadı. Nəzəri tur isə sualları hazırlayan müəlliflərin yaşlarının az olması səbəbindən tapşırıqların bir qədər yeni tipli olması ilə gözlənilməz oldu. Amma düşünürəm ki, onun da öhdəsindən lazımi səviyyədə gəlməyi bacardım.
– Olimpiadada müxtəlif ölkələrdən olan şagirdlərlə tanışlıq səndə hansı təəssüratlar yaratdı?

– Fikrimcə, olimpiada ərzində müxtəlif ölkələrdən olan kimyaçılarla əlaqə qurmağım mənə həm sosial, həm də akademik baxımdan böyük fayda verdi. Orada tanış olduğum insanlar, birlikdə keçirdiyimiz əyləncəli vaxtlar, oyunlar və söhbətlər bir ömür boyu yaddaşımda qalacaq. Bundan əlavə, gələcəkdə hər hansı ölkəyə səfər etdikdə oradan olan şagirdlərlə qurduğum dostluq münasibətləri sayəsində tarixi məkanları gəzmək və yerli mədəniyyətlə yaxından tanış olmaq mənim üçün elə də çətin olmayacaq.
Müxbir-Xatirə Cəfərova