Beynəlxalq Miqrasiya Təşkilatının keçirdiyi təlimə qatılmış gənclərə sertifikatlar təqdim olunub
Bakı, 21 iyul, AZƏRTAC
Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) miqrasiya agentliyi olan Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı nümayəndəliyi ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə həyata keçirdiyi “Dayanıqlılıq naminə ictimai fəaliyyət” layihəsi çərçivəsində iyunun 17-dən iyulun 15-dək gənclər sahəsində çalışanlar üçün intensiv biznes və maliyyə savadlılığı üzrə təlim təşkil edib.
Nümayəndəlikdən AZƏRTAC-a bildiriblər ki, təlimin əsas məqsədi COVID-19 pandemiyası ilə əlaqədar ölkədə tətbiq edilən karantin şəraitində onlayn fəaliyyətlər vasitəsilə gənclərin şəxsi və peşəkar inkişafına töhfə verməkdən ibarətdir.
Dörd həftəlik onlayn təlimlərdə Balakən, Şirvan, Ağdaş, Gəncə, Lənkəran, Saatlı, Şəmkir, Siyəzən, Astara və Samuxdan doqquzu xanım iştirakçı olmaqla ümumilikdə 21 gənc iştirak edib. Azərbaycan Risk Peşəkarları Assosiasiyası (ARPA) ilə yaxın əməkdaşlıq şəraitində keçirilmiş təlimdə gənclər iqtisadiyyat, maliyyə və idarəetmə uçotu, o cümlədən biznesin idarə edilməsi əsasları üzrə əsas nəzəri və təcrübi biliklərə, eləcə də biznes dili və ümumi olaraq maliyyə hesabatlarını anlama səriştəsinə yiyələniblər. Təlim iştirakçıları əsasən regionlarda gənclərlə işi həyata keçirən Gənclər evləri, Gənclər Mərkəzi və Karyera İnkişaf mərkəzlərində fəaliyyət göstərən gənclər olublar.
Sonda təlimi başa vurmuş 16 gənc təltif edilib.