BEYNƏLXALQ NEFT-QAZ KONFRANSI BAŞA ÇATMIŞDIR
ARDNŞ-in birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan neft strategiyasının ölkəmizdə uğurla həyata keçirilməsinin böyük əhəmiyyətini vurğulamış, nadir “Azəri-Çıraq-Günəşli” yatağının işlənilməsinin tarixi və bu günü barədə məlumat vermişdir. O bildirmişdir ki, bu il Azərbaycanda rekord miqdarda - 30,5 milyon ton neft hasil ediləcəkdir. Ölkəmizdə neft hasilatının ən yüksək səviyyəsi - 23,5 milyon ton - 1941-ci ildə qeydə alınmışdı.
Gürcüstan energetika nazirinin müavini İsaq Novruzov bildirmişdir ki, Gürcüstan 2003-2020-ci illər üçün neft hasilatının inkişaf strategiyasını işləyib hazırlamışdır. O, Gürcüstan neftçilərinin ənənələrindən danışaraq, Bakı-Tbilisi-Ceyhan boru kəmərinin ölkəsinin enerji ehtiyatları ilə təmin edilməsində rolunu xüsusi vurğulamışdır.
Azərbaycan ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov çıxışında dövlətimizin başçısı İlham Əliyevin ətraf mühitin mühafizəsi məsələlərinə xüsusi diqqət yetirdiyini bildirmişdir. Neft hasilatı ilə bağlı ekoloji problemlərdən danışan nazir demişdir ki, Abşeronda bir əsrdən çox müddətdə karbohidrogenlər hasil edilən 15 min hektar torpaq sahəsi neftlə çirklənmişdir, lay sularından 800-ə yaxın göl yaranmışdır. Yarımadada torpaqların təmizlənməsi və işlənməsi layihəsinin gerçəkləşdirilməsi barədə Dünya Bankı ilə razılıq əldə edilmişdir.
Konfransda çıxış edən qeyri-hökumət təşkilatlarının nümayəndələri Bakı buxtasının təmizlənməsinin, alternativ enerji mənbələrinin axtarılmasının vacibliyindən və digər məsələlərdən danışmışlar.