Beynəlxalq Şahmat Festivalının iştirakçıları Naxçıvanın tarixi abidələri və mədəniyyət müəssisələri ilə tanış olublar
Naxçıvan, 4 may, AZƏRTAC
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunan “Naxçıvan-2018” Beynəlxalq Şahmat Festivalının iştirakçılarının Naxçıvan şəhərindəki tarixi abidələrə və mədəniyyət müəssisələrinə gəzintiləri təşkil olunub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, mayın 2-dən başlayaraq festival iştirakçıları Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayı, Rəsm Qalereyası, Dövlət Bayrağı Meydanı və Muzeyi, Naxçıvan Dövlət Tarix, Bəhruz Kəngərli muzeyləri, Hüseyn Cavidin ev-muzeyi və xatirə kompleksi, həmçinin “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində olublar. Onlara tarixi və mədəni abidələrimiz haqqında ətraflı məlumat verilib.
“Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində olarkən azyaşlı festival iştirakçıları və onların valideynləri ilə həmsöhbət olduq.
8 yaşılı şahmatçı Ömər Qədirli bu festivalda ilk dəfə iştirak etdiyin bildirdi. “İştirak etdiyim hər üç oyunda qələbə qazanmışam. Ümidvaram ki, festivalda yüksək nəticə əldə edəcəyəm” - deyən Ömər Qədirli qarşıdakı illərdə də təşkil olunacaq yarışlarda iştirak etmək arzusunda olduğunu vurğuladı.
Dövlət Bayrağı Meydanı və Muzeyi ilə tanışlığı barədə də danışan balaca şahmatçı burada Azərbaycanın qədim dövlətçilik tarixini əks etdirən çoxsaylı tarixi nümunələrə maraqla baxdığını dedi. Onun ən çox xoşuna gələn isə Naxçıvan şəhərinin ən yüksək məkanında ucaldılan Azərbaycan bayrağı olub.
Digər azyaşlı iştirakçı, 9 yaşlı Rasim Ağayev şahmat festivalında üçüncü dəfə iştirak etdiyini dedi. Ötən il təşkil olunan festivalda öz yaş qrupunda üçüncü yerə layiq görüldüyünü qeyd edən Rasim bu il də uğurlu nəticə əldə etmək üçün mübarizə apardığını vurğuladı. Naxçıvanqala ilə tanışlığından da danışan balaca şahmatçı qalanın çox möhtəşəm olduğunu, onun tarixi ilə bağlı ətraflı məlumat aldığını ifadə etdi.
Valideyn Fərid Qədirov bizimlə söhbətində bildirdi ki, “Naxçıvan-2018” Beynəlxalq Şahmat Festivalında təşkilatçılıq yüksək səviyyədədir. Şahmatçıların rahatlığı üçün hər cür şərait yaradılıb.
“Naxçıvanda olduğumuz bir neçə gün ərzində buradakı tarixi və mədəni abidələrə gəzintilər təşkil olunub. Festival iştirakçılarının qədim diyarın tarixi abidələri ilə yaxından tanış olması onların həm də dünyagörüşünün artmasına imkan verəcək. Mənim bir həkim kimi burada ən çox diqqətimi cəlb edən isə muxtar respublikanın gözəl havası, suyu və ekoloji təmiz məhsulları, eyni zamanda, paytaxt Naxçıvan şəhərinin çox təmiz, abad və səliqə-sahmanlı olmasıdır”, - deyən Fərid Qədirov yaradılan şəraitə görə festival təşkilatçılarına minnətdarlığını bildirdi.
Valideyn Günay Mürşüdova da festivalda yüksək təşkilatçılıqdan razılıq edərək dedi ki, onun iki övladı Nihad və Nəzrin festivalda “C” qrupunda mübarizə aparırlar. “Bizimlə demək olar ki, hər dəqiqə maraqlanırlar, rahatlığımız üçün hər cür şərait yaradılıb. Festival iştirakçılarının asudə vaxtlarının səmərəli keçirmələri üçün gəzintilər təşkil olunur. Bu da balaca iştirakçıların çox xoşuna gəlir. Çünki hər hansı bir tarixi abidə haqqında kitabdan oxumaq başqa, onu əyani şəkildə görmək tamam başqadır”, - deyən Günay Mürşüdova Naxçıvan şəhərinin gözəlliyinin onu heyran etdiyini, buradakı yaşıl parkların gülkarlıqların insanda xoş ovqat yaratdığını vurğuladı.
Qeyd edək ki, qarşıdakı günlərdə festival iştirakçılarının Naxçıvan Dövlət Xalça Muzeyi, Duzdağ Fizioterapiya Mərkəzi, Duz Muzeyi, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi və “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksinə gəzintiləri də nəzərdə tutulub.