İQTİSADİYYAT
Beynəlxalq standartlar informasiya texnologiyaları və təhlükəsizliyi üçün əsas alətdir
İnformasiya texnologiyaları və informasiya təhlükəsizliyini, bu sahədə inkişaf strategiyasının hazırlanmasını beynəlxalq standartlar olmadan təsəvvür etmək mümkün deyil.
Beynəlxalq ekspert Nikolay Aqrinski informasiya texnologiyaları və təhlükəsizliyi sahəsində beynəlxalq standartların təşviqinə həsr olunmuş forumdakı çıxışında müzakirəyə çıxarılan məsələlərin aktuallığını qısaca olaraq belə ifadə edib.
AZƏRTAC xəbər verir ki, forum Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu və Britaniya Standartlaşdırma İnstitutunun birgə təşkilatçılığı ilə keçirilir.
Forumda çıxış edən Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutunun direktoru Sabiq Abdullayev Azərbaycanda informasiya texnologiyalarının, “Elektron hökumət”in tətbiqi istiqamətində görülən geniş miqyaslı işlər barədə məlumat verdi. Qeyd edildi ki, dövlət və qeyri-dövlət təşkilatlarında informasiya təhlükəsizliyinin təmin olunması və beynəlxalq standartların tələblərinə uyğun qurulması istiqamətində Britaniya Standartlar İnstitutu ilə birgə əməkdaşlıq mühüm rol oynayır. Məhz informasiya texnologiyalarının tətbiqinin ölkə iqtisadiyyatında əhəmiyyəti nəzərə alınaraq Forumun müzakirəsinə İSO 27000 - “İnformasiya təhlükəsizliyi”, İSO 20000 - “İnformasiya texnologiyaları idarəetmə sistemləri”, İSO 22301-“Proseslərin davamlılığı” standartlarının tətbiqi təcrübəsi, inteqrasiyası və üstünlükləri ilə bağlı mövzular çıxarılıb.
“Foruma Britaniya Standartlar İnstitutunun mütəxəssislərinin dəvət olunması təsadüfü deyil. Belə ki, hazırda böyük tələbat duyulan bu standartların müəllifi məhz həmin institutdur. Dünyada məşhur brendlərin əksəriyyətinin informasiya texnologiyaları təhlükəsizliyi üzrə sertifikatlaşdırılması da Britaniya Standartlar İnstitutu tərəfindən həyata keçirilir”, - deyə S.Abdullayev vurğuladı.
Sonra Britaniya Standartlar İnstitutunun nümayəndəsi Nataliya Selivyorstovanın informasiya texnologiyaları sahəsində beynəlxalq standartlar üzrə sertifikatlaşdırma, beynəlxalq mütəxəssis Mariya Akatyevanın informasiya texnologiyaları sahəsində vahid idarəetmə sistemi, Rusiyanın “Атомпредметзолото” (ROSATOM) Uran Holdinqinin informasiya təhlükəsizliyi istiqaməti üzrə rəhbəri Sergey Ovçinnikovun İSO 27001 standartı əsasında informasiya təhlükəsizliyinin idarə edilməsi sisteminin tətbiqi mövzularında məruzələri dinlənildi.
Forumda Britaniya Standartlar İnstitutunun mütəxəssisləri ilə yanaşı, Azərbaycanın informasiya texnologiyaları sahəsində aparıcı şirkətlərinin, Rusiyanın “ROSATOM”, “Sberbank Rossii”, “Telekom-Express” kimi tanınmış telekommunikasiya şirkətlərinin nümayəndələri də iştirak edirlər.