Beynəlxalq Türk Akademiyası KİV nümayəndələri ilə görüş keçirib
Nur Sultan, 11 dekabr, AZƏRTAC
Bu gün Beynəlxalq Türk Akademiyası 10 illik yubileyi və ilin yekunları ilə əlaqədar türkdilli dövlətlərin KİV nümayəndələri ilə görüş keçirib.
AZƏRTAC xəbər verir ki, Beynəlxalq Türk Akademiyasının rəhbəri Darxan Kıdırəli qurumun illik fəaliyyəti və nəşr etdiyi elmi əsərlər barədə məlumat verərək, akademiyanın 10 il ərzində əldə etdiyi nailiyyətlərdən danışıb.
Türk Akademiyası hazırda COVID-19 pandemiyasının yaratdığı çətinliklərə baxmayaraq, Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşan Türk Şurasının növbədənkənar Zirvə görüşündə dövlət başçılarının müəyyənləşdirdiyi təlimatların reallaşdırılması, fövqəladə vəziyyətlərdə elm və təhsil sahəsində əməkdaşlığın modellərinin işlənməsi üzərində fəaliyyətini davam etdirir.
Bu il Beynəlxalq Türk Akademiyası Azərbaycanla bağlı nəşr etdiyi bəzi kitablar da daxil olmaqla, elmi nəşrlərini onlayn şəkildə pulsuz oxumaq imkanı təqdim edib. Saytda yer alan kitablar Azərbaycan, qazax, türk, ingilis, qırğız, rus, monqol və digər dillərdə nəşr olunmuş əsərlərdir.
Görüşdə Akademiyasının fəaliyyəti ilə tanış olan iştirakçılar təşkilatın gələcək planları barədə fikir mübadiləsi aparıb, onları maraqlandıran suallar cavablandırılıb.
Tədbirin sonunda KİV nümayəndələri türk dünyasının nailiyyətlərinin işıqlandırılmasına və informasiya sahəsində əməkdaşlığın möhkəmləndirilməsinə verdikləri töhfələrə görə fəxri fərman və minnətdarlıq məktubları ilə təltif olunublar.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan