CƏMİYYƏT
Biləsuvarda “Məşğulluğa dəstək layihəsi” ilə əlaqədar ictimai dinləmə olub
Bakı, 28 noyabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə icra olunan “Məşğulluğa dəstək layihəsi” barədə məlumatlılığı artırmaq və nəzərdə tutulmuş hədəf kateqoriyalarını layihəyə cəlb etmək məqsədilə Biləsuvar rayonunda ictimai dinləmə keçirilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, öz biznesini qurmaq istəyən işaxtaran və işsiz şəxslərin iştirakı ilə keçirilən görüşdə layihənin hədəf və məqsədləri, əhatə dairəsi, layihənin icrası zamanı ətraf mühit və sosial məsələlərə dair tələblər, eləcə də proqramın gözlənilən faydaları, müraciət və iştirak qaydaları barədə ətraflı məlumat verilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
İştirakçılara layihə və təqdim edilən biznes zərflər barədə məlumatların əks olunduğu çap materialları paylanılıb.
Qeyd edək ki, “Məşğulluğa dəstək layihəsi” həssas qruplara aid 22 min işsiz şəxsin özünüməşğulluq proqramı çərçivəsində kiçik bizneslərinin yaradılmasına dəstək məqsədi daşıyır. İndiyədək layihə çərçivəsində 7 minədək şəxsə aktivlər verilərək kiçik biznesləri qurulub.