Biləsuvarlı məktəblilər Memarlıq və İnşaat Universitetində
Bakı, 28 aprel, AZƏRTAC
Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Lisey-Məktəb Kompleksinin şagirdləri Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) ekskursiyada olublar. Məktəbliləri AzMİU-nun sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Orxan Naqdiyev, İctimaiyyətlə əlaqələr və marketinq mərkəzinin direktoru İsa Muradov və Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədr müavini Şahmar Rəfili qarşılayıblar.
Bu barədə AZƏRTAC-a AzMİU-dan bildirilib. Məktəblilər ilk olaraq Ümummilli Lider Heydər Əliyevin universitetin həyətində yerləşən büstü önünə tər çiçəklər düzüblər. Sonra universitetin Şəhidlər guşəsi, Heydər Əliyev Mərkəzi və Sərgi salonunda olublar.
Daha sonra məktəblilər üçün məlumat seminarı təşkil olunub. AzMİU-nun maddi-texniki bazası, tədris edilən ixtisaslar, tələbə həyatı barədə şagirdlərə geniş informasiya verilib və videoçarx nümayiş olunub.
Seminardan sonda ekskursiya davam etdirilib. Şagirdlər universitetin tədris binaları, kitabxanası, dərs prosesi ilə tanış olublar, müəllim və tələbələrlə söhbət ediblər.