“Bir əsrin İZində“ layihəsinin budəfəki marşrutu Bakı Metropoliteni oldu
Bakı, 24 noyabr, AZƏRTAC
Azərbaycan könüllüləri Bakı Metropolitenin fəaliyyəti ilə tanış olublar.
Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində “Bir əsrin İZində” layihəsi davam edir.
Gənclər Fondundan AZƏRTAC-a bildirilib ki, cari ilin əvvəlindən etibarən həyata keçirilən “Bir əsrin İZində” layihəsi çərçivəsində Heydər Əliyev irsi ilə bağlı olan və strateji əhəmiyyət daşıyan yerli və beynəlxalq müəssisələrə Azərbaycan könüllülərinin iştirakı ilə ekskursiyalar təşkil olunur. Həm regionlarda, həm də Bakı şəhərində yerləşən müxtəlif sənaye parkları, zavodlar, platformalar və digər müəssisələri əhatə edən layihə çərçivəsində indiyədək, Bakı Beynəlxalq Dəniz Ticarət Limanına, Neft Daşlarına, Müdafiə Sənayesi Nazirliyinin müəssisəsinə ekskursiyalar həyata keçirilib.
Layihəni əhatə edən növbəti səfər Bakı Metropoliteninə olub. Ekskursiyanın məqsədi Ulu Öndər Heydər Əliyevin metropolitenin inkişafında verdiyi töhfələrlə iştirakçıları yaxından tanış etmək, könüllülərdə əməyə münasibətin formalaşmasına təsir göstərmək, istehsalatla, müasir texnika və metropolitenin tikintisində istifadə edilən texnologiyaları göstərmək olub.
Könüllülər paytaxtın əsas sərnişindaşıma nəqliyyatı arteriyalarından biri olan metropolitenin fəaliyyətini əks etdirən sərgi ilə tanış olublar.
Qeyd edək ki, ilin sonuna qədər Azərbaycan Könüllülərinin iştirakı ilə daha bir neçə ekskursiyanın və görüşlərin keçirilməsi planlaşdırılır.