CƏMİYYƏT
BİR QRUP DİNİ İCMAYA QEYDİYYAT ŞƏHADƏTNAMƏSİ TƏQDİM EDİLMİŞDİR
Bakı, 27 iyul (AZƏRTAC). İyulun 27-də Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində bir qrup dini icma sədrinə qeydiyyatdan keçmək haqqında şəhadətnamə və dini qurumların dövlət reyestrindən çıxarış sənədləri təqdim edilmişdir.
Qeyd olunmuşdur ki, indiyədək 450 dini icma dövlət qeydiyyatından keçmiş və onlara yeni şəhadətnamələr təqdim edilmişdir.
Dövlət Komitəsinin sədri Hidayət Orucov bildirmişdir ki, “Dini etiqad azadlığı haqqında” Qanuna edilən əlavə və dəyişikliklərdən sonra ölkəmizdə fəaliyyət göstərən dini icmaların yenidən dövlət qeydiyyatına alınması onların fəaliyyətlərinin genişlənməsinə və daha yüksək səviyyədə tənzimlənməsinə, eləcə də vətəndaşlarımızın vicdan azadlığının təmin olunmasına xidmət edir.
H.Orucov əlavə etmişdir ki, Azərbaycan dövləti və cəmiyyəti onun dini sabitliyinə zərbə vura biləcək yad təsirlərə qarşı barışmaz mövqe tutur. Bu baxımdan kənar müdaxilələrin dəf edilməsində və cəmiyyətin dini səviyyəsinin yüksəldilməsində dini icma rəhbərləri öz səlahiyyətləri çərçivəsində daha fəal və maarifçi mövqe nümayiş etdirməlidirlər.
Dinin və dini icmaların siyasiləşməsini yolverilməz hesab edən H.Orucov bu cür cəhdlərin qarşısının alınmasının vacibliyini qeyd etmiş, bildirmişdir ki, dinin siyasiləşməsi böyük fəlakətlərə yol aça bilər.
Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini, Salman Musayev dini icmaların nizamnamələrinə uyğun fəaliyyət göstərmələrindən, eləcə də axund və imamların yad təsirlərə qarşı barışmaz mövqe nümayiş etdirmələrinin zəruriliyindən danışmışdır. O qeyd etmişdir ki, zərərli meyillərə və radikal, ekstremist qruplara qarşı mübarizədə dövlət qurumları ilə yanaşı, axund və imamların da üzərinə böyük məsuliyyət düşür.
Tədbirin sonunda icma rəhbərlərini maraqlandıran suallar cavablandırılmışdır.