İDMAN
Birinci Avropa Oyunlarının bağlanış mərasimi üçün 48 min biletin hamısı satılıb
![Birinci Avropa Oyunlarının bağlanış mərasimi üçün 48 min biletin hamısı satılıb](/files/2015/2/1200x630/14344782679756432_1200x630.jpg)
Bakı, 16 iyun, AZƏRTAC
“Bakı-2015” birinci Avropa Oyunlarının bağlanış mərasimi üçün 48 min biletin hamısı satılıb. İyunun 28-də Bakı Olimpiya Stadionunda keçiriləcək bu tədbir ilk Avropa Oyunlarının 17 günlük idman yarışlarının yekunu olacaq.
AZƏRTAC xəbər verir ki, iyunun 12-də keçirilən möhtəşəm açılış mərasimindən sonra Avropa idmançıları diqqət mərkəzində olublar. Bundan sonra biletlərə tələb o qədər çox olub ki, ümumilikdə, “Bakı-2015”-in 20 idman növü üzrə yarışların 281 sessiyasından 168-nin biletləri artıq satılıb. Son 48 saat ərzində 23 min bilet satılıb. İyunun 15-nin ölkədə bayram günü olması ilə əlaqədar qeyri-iş günündə 30 min tamaşaçı Bakıda və Mingəçevirdəki idman obyektlərində Avropa Oyunlarına tamaşa edib.
“Bakı-2015”-in biletlərinə olan tələbata gəlincə, gənclər və idman naziri Azad Rəhimov deyib ki, Avropa Oyunlarına münasibət çox müsbət olub. Açılış mərasimi xalqda ruh yüksəkliyi yaradıb və indi biz Azərbaycanın ən böyük idman tədbirində iştirak etmək istəyən insanlar tərəfindən biletlərə olan tələbin olduqca böyük olduğunun şahidiyik. Mən, həmçinin Azərbaycan idmançıları ilə fəxr edirəm, onlar bizim xalqımızı sevindiriblər. Xalq tərəfindən onlara olan münasibət də olduqca müsbətdir. Onların çıxışları ölkədəki gənc nəsli idmanla məşğul olmağa ruhlandıracaq.