Birinci Bakı Beynəlxalq Memarlıq Müsabiqəsi başlayır
Bakı, 31 oktyabr (AZƏRTAC). Oktyabrın 31-də Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Respublikası Memarlar İttifaqının təşkilatçılığı, Beynəlxalq Memarlar İttifaqının dəstəyi ilə xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr edilmiş birinci Bakı Beynəlxalq Memarlıq Müsabiqəsinə həsr olunmuş mətbuat konfransı keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, konfransı açan Azərbaycan Respublikası Memarlar İttifaqının sədri Elbay Qasımzadə belə bir nüfuzlu tədbirin ölkəmizdə ilk dəfə təşkil edildiyini vurğulamışdır.
Qeyd edilmişdir ki, Azərbaycan şəhərlərinin memarlığı gündən-günə dəyişərək cəlbedici və öz təkrarsızlığı ilə daha heyranedici olur. Müstəqil Azərbaycanda şəhərsalmanın əsasını qoymuş ulu öndər Heydər Əliyevin müdrik siyasəti nəticəsində ölkəmizdə memarlıq və şəhərsalmanın inkişafı sahəsində böyük nailiyyətlər əldə olunmuşdur. Bu gün də memarlıq Prezident İlham Əliyevin fəaliyyətinin əsas prioritetlərindən birini təşkil etməkdədir.
Mətbuat konfransında müsabiqənin məqsəd və vəzifələri, müsabiqə çərçivəsində həyata keçiriləcək tədbirlər barədə məlumat verilmiş, jurnalistləri maraqlandıran suallar cavablandırılmışdır.
Konfransda müsabiqənin Beynəlxalq münsiflər heyətinin sədri, Beynəlxalq Memarlar İttifaqının baş katibi Mişel Barmakin, münsiflər heyətinin üzvləri - Beynəlxalq Memarlar İttifaqının sabiq prezidenti Vassilis Squtas, Beynəlxalq Memarlar İttifaqının vitse-prezidentləri Tomas Vonier və Hayder Ali iştirak etmişlər.
Elbay Qasımzadə məlumat vermişdir ki, Müsabiqəyə 28 ölkədən 250 layihə təqdim olunacaqdır. Bütün nominasiyalar üzrə qaliblər pul mükafatlarına layiq görüləcəklər.
Birinci Bakı Beynəlxalq Memarlıq Müsabiqəsi noyabrın 5-dək davam edəcəkdir.