“Biz varıq və biz birlikdəyik” layihəsində növbəti yaradıcılıq işi
Bakı, 15 may, AZƏRTAC
Koronavirus (COVID-19) pandemiyası səbəbindən ölkədə tətbiq edilən xüsusi karantin rejimi şəraitində elm, təhsil və sənət adamları yaradıcılıqlarını davam etdirirlər. Onların ixtisas və maraq dairələrinə uyğun olaraq Bakı Xoreoqrafiya Akademiyası “Biz varıq və biz birlikdəyik” layihəsinə onlayn start verməklə təhsil və mədəniyyət işçilərinə çağırış etmiş oldu. Bu çağırışa akademiyanın Sənətşünaslıq kafedrasının müəllimi, pedaqoq, tanınmış aktrisa, Professional Kinoaktyorlar Gildiyasının məsul katibi Fərqanə Quliyeva da qoşulub.
Akademiyadan AZƏRTAC-a bildirilib ki, sözügedən layihədə Fərqanə Quliyeva bədii qiraətçi qismində çıxış edib, Xalq şairi Ramiz Rövşənin “Ölsəm bağışla” və Əməkdar incəsənət xadimi Vaqif Bayatlı Önərin “Tək, tənha, yalqız” şeirlərini xüsusi bədii üslubda təqdim edib. Geniş yaradıcı ictimaiyyət tərəfindən rəğbətlə qarşılanan təqdimat onu bu istiqamətdə fəaliyyətə daha çox diqqət yetirməyə sövq edib.
F.Quliyeva Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun aktyorluq şöbəsində təhsil alıb, sənətin incəliklərini görkəmli teatr rejissoru, aktyoru və pedaqoqu, SSRİ Xalq artisti Yevgeni Matveyevdən öyrənib.
Qeyd edək ki, layihə çərçivəsində təqdimatları Bakı Xoreoqrafiya Akademiyasının rəsmi “Facebook” səhifəsinin “Biz varıq və biz birlikdəyik” bölməsində izləmək olar.