İQTİSADİYYAT
“Blacklist.gov.az”ın yeni təkmilləşdirilmiş və daha funksional versiyası istifadəyə verilib
Bakı, 25 may, AZƏRTAC
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən yaradılmış "Blacklist.gov.az" layihəsinin yeni təkmilləşdirilmiş və daha funksional versiyası istifadəyə verilib.
AZƏRTAC Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinə istinadla xəbər verir ki, layihənin məqsədi ölkəmizdə son zamanlar artan online dələduzluq və kibertəhdidlərə qarşı mübarizəni gücləndirmək, kiberdələduzluq və kibertəhücumlarda istifadə olunan domen adlarını toplamaqla ifşa etmək, eləcə də sistemə inteqrasiya edilmiş veb-bələdçilər üçün qoruyucu genişlənmə (extension), API inteqrasiya imkanları vasitəsi ilə internet istifadəçilərini qorumaqdır. Üç dildə (Azərbaycan, ingilis, rus) istifadəyə verilən “Blacklist.gov.az” layihəsində bir sıra yeniliklər təqdim olunub.
Belə ki, yeni versiyaya “Google Chrome” və “Microsoft Edge” veb-bələdçilər üçün qoruyucu genişlənmə (extension), API inteqrasiya imkanı, qara siyahının birbaşa Əməliyyat Sisteminə (hosts faylı) və şəbəkə perimetrinin müdafiəsi üçün nəzərdə tutulmuş avadanlıqlara inteqrasiyası və sair kimi funksionallıqlar əlavə olunub.
Həmçinin internet istifadəçilərinə də onlar tərərfindən özlərinin aşkarladıqları zərərverici və ya dələduzluq məqsədi üçün istifadə olunan resursların sistemə daxil edə bilməsi üçün funksionallıq aktivləşdirilib. Bu yanaşma istifadəçilərdən toplanacaq zərərli keçidlər “bloklist” bazasında toplanacaq və yuxarıda göstərilən “extension” və “APİ” imkanları istifadə edilən bütün internet istifadəçilərində avtomatik olaraq həmin zərərli domenlərə keçidlər bloklanmış olacaq. Bu da öz növbəsində ictimai əsaslarla layihənin inkişaf etdirilməsi yolu ilə istifadəçilərin mümkün təhdidlərdən qorunmasına öz töhfəsini verəcək.
Bu sistemdən və onun qoruma imkan və mexanizmlərindən xəbərsiz olan bütün vətəndaşlarımızı qorumaq məqsədi ilə “blacklist” məlumat bazasında toplanacaq kibertəhdid və kiberdələduzluq məqsədi ilə istifadə olunmuş domenlərin ölkəyə internet girişinin təmin olunduğu nöqtələrdə də bloklanması mexanizmləri yaxın gələcəkdə aidiyyəti strukturlarla birgə işlənəcək.