BMqT-nin Azərbaycan nümayəndəliyi ölkəyə könüllü qayıdan 448 miqranta reinteqrasiya yardımı göstərib
Bakı, 15 yanvar, AZƏRTAC
Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycan nümayəndəliyi “Könüllü qayıdışa yardım və reinteqrasiya” (AVRR) layihəsi çərçivəsində könüllü olaraq mənşə ölkəsinə qayıdan Azərbaycan vətəndaşlarına reinteqrasiya yardımı göstərməkdə davam edir.
BMqT-nin Azərbaycan nümayəndəliyindən AZƏRTAC-a bildiriblər ki, ötən il AVRR layihələri çərçivəsində nümayəndəlik 57 nəfərə nağd və 391 nəfərə qeyri-nağd şəklində yardım edib. Bu müddətdə 15 şəxsə tibbi yardım, 32 şəxsə müvəqqəti mənzil təminatı, 35 şəxsə kiçik biznesin qurulması, 112 şəxsə maddi yardım və bir şəxsə təhsil yardımı göstərilib.
Nümayəndəlik tərəfindən təqdim olunan reinteqrasiya yardımının əsas hissəsi könüllü qayıdan şəxslərə və onların ailələrinə fayda gətirməyi hədəfləyən gəlir mənbəyinin yaradılması ilə bağlıdır. Ötən il AVRR layihələri çərçivəsində könüllü qayıdanlara əsasən kiçik biznes fəaliyyətinin qurulması, müvəqqəti mənzil təminatı, maddi yardım, tibbi ehtiyacların və təhsil haqqının ödənilməsi üzrə yardım göstərilib. Onlar BMqT-nin köməyi ilə kiçik təsərrüfat (heyvandarlıq), xidmət sektoru, ticarət və xırda istehsal sahələrində sahibkarlıq fəaliyyətləri yaradıblar.