BMT Əfqanıstanda yaşanan faciənin qarşısını almağa çağırıb
Bakı, 25 fevral, AZƏRTAC
Əfqanıstanda uzun illərdir davam edən münaqişənin qurbanlarının sayı getdikcə artır. Birləşmiş Millətlər Təşkilatının (BMT) bu ölkədəki missiyasının hesabatına görə, 2018-ci ildə burada 3804 dinc insan, o cümlədən 927 azyaşlı öldürülüb. Həlak olanlar həm silahlı qruplaşmalar, həm də hökumət qoşunları tərəfindən qətlə yetirilib.
AZƏRTAC BMT-nin saytına istinadla xəbər verir ki, ötən il öldürülən əfqanların sayı 2017-ci illə müqayisədə 11 faiz çoxdur. Yaralıların da sayı 5 faiz artaraq 7 189 nəfərə çatıb.
BMT baş katibinin xüsusi nümayəndəsi, Əfqanıstana yardım missiyasının rəhbəri Yamamiçi Tadamoto bildirib ki, dəqiqliklə yoxlanılmış bu məlumatlar çox böyük təşviş yaradır. O, əfqanların bu cür əzablara məruz qalmasını yolverilməz adlandırıb. Missiyanın hesabatında bildirilir ki, həlak olanların üçdə ikisi silahlı qruplaşmaların - “Taliban” və İŞİD-in qurbanlarıdır. Lakin mülki əhali hökumət qoşunları və koalisiya qüvvələrinin silahlı əməliyyatları nəticəsində də zərər çəkir. BMT ekspertləri əlavə edirlər ki, ölümlərin artmasının səbəbi silahlı qruplaşmaların üzvləri tərəfindən törədilən “intihar terror aktlarının” yüksək həddə çatması, habelə hökumət qüvvələrinin və koalisiya hərbi kontingentinin hava bombardmanlarının sayının çox olmasıdır.
BMT-nin insan haqları üzrə Ali komissarı Mişel Baçelet qeyd edib ki, Əfqanıstan münaqişəsi çoxlu sayda dinc insanların ölümünə və saysız-hesabsız əfqanlar üçün uzun müddət davam edəcək fiziki və psixoloji travmalara səbəb olur. “Məni ən çox dəhşətə gətirən isə ötən il rekord sayda uşaqların həlak olmasıdır” deyən Ali komissar əlavə edib ki, məktəblərə və tibb müəssisələrinə silahlı hücumlar nəticəsində mindən çox uşaq ömürlük əlil olub.
Son on ildə Əfqanıstanda öldürülən dinc insanların sayı 32 minə yaxın olub, 60 min insan isə yaralanıb və şikəst olub. “Bu faciəyə son qoymağın vaxtı çoxdan çatıb. Mülki əhalinin həlak olmasının qarşısının alınmasının yeganə yolu isə hərbi əməliyyatların dayandırılması və ölkədə sülhün bərqərar olmasıdır”, -deyə Yamamiçi Tadamoto vurğulayıb.