BMT EKSPERTLƏRİ İSRAİLİN LİVANDA URAN TƏRKİBLİ DÖYÜŞ SURSATINDAN İSTİFADƏ EDİB-ETMƏDİYİNİ ARAŞDIRIRLAR
Britaniyanın “İndependent” qəzetinin yazdığına görə, Livan ərazisində müvafiq kimyəvi elementlər tapılmışdır. Avropa Radioaktiv Təhlükə Komitəsinin (ARTK) Britaniyadakı elmi katibi Kris Basbi jurnalistlərə bildirmişdir ki, bombaların açdığı çuxurlardan götürülmüş torpaq nümunələrində radioaktiv maddələr tapılmışdır. Buna görə də həmin nümunələr Böyük Britaniya Müdafiə Nazirliyinin Haruell laboratoriyasına göndərilmişdir. Daha dəqiq yoxlama nümunələrdə uran izotoplarının olmasını təsdiq etmişdir.
Britaniya mətbuatının yazdığına görə, İsrail hərbi komandanlığı tərkibində uran olan silahdan istifadə olunmasının mümkünlüyünü qəti surətdə rədd etmişdir. İsrail hökumətinin nümayəndəsi demişdir ki, nə BMT, nə də ARTK bu məsələ ilə bağlı İsrailə hələ müraciət etməmişdir.