BMT-NİN İNKİŞAF PROQRAMI İLƏ AZƏRBAYCAN HÖKUMƏTİ ARASINDA LAYİHƏNİN İMZALANMA MƏRASİMİ
Fevralın 7-də “Hayat Recensi-Naxçıvan” mehmanxanasında BMT-nin İnkişaf Proqramı (BMTİP) ilə Azərbaycan hökuməti arasında milli informasiya-kommunikasiya texnologiyalarının (İKT) inkişaf strategiyasının hazırlanması və ilkin mərhələdə tətbiqi haqqında birgə layihənin imzalanma mərasimi olmuşdur.
BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Marko Borsotti mərasimdə çıxış edərək,informasiya-kommunikasiya texnologiyalarının inkişafının əhəmiyyətindən danışdı. O, xüsusilə vurğuladı ki, İKT sosial-iqtisadi və çoğrafi təcridolunmanı aradan qaldırmağa, informasiya və təhsil imkanlarını genişləndirməyə kömək göstərə, habelə əhalinin aztəminatlı hissəsinin onların həyat tərzinə təsir göstərən qərarların qəbul olunması prosesində fəal surətdə iştirakina yardım edə bilər. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev bu amilləri nəzərə alaraq, sərəncam imzalamış və İKT-nın birgə layihəsinin həyata keçirilməsi barədə sənəd imzalamaq səlahiyyətini layihənin milli əlaqələndiricisi Məleykə Abbasovaya vermişdir.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri, İKT layihəsinin milli əlaqələndiricisi Məleykə Abbasova sosial-iqtisadi xarakterli proqramların həyata keçirilməsində informasiya-kommunikasiya texnologiyalarının üstünlükləri barədə ətraflı məlumat verdi. O bildirdi ki, layihənin ümumi dəyərinin yarısını (600 min dollar) qrant şəklində BMTİP ayıracaq, digər yarısı isə Azərbaycan hökumətinin iştirak payı kimi nəzərdə tutulur.
Mərasimin sonunda BMT-nin rezident-əlaqələndiricisi Marko Borsotti və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbasova birgə İKT layihəsinin həyata keçirilməsinə başlamaq barəsində sənəd imzaladılar.