BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 26-cı konfransının rəsmi açılışı olub
Qlazqo, 2 noyabr, AZƏRTAC
Şotlandiyanın Qlazqo şəhərində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 26-cı konfransının (COP26) rəsmi açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin başçılıq etdiyi nümayəndə heyətinin iştirak etdiyi konfransın açılış mərasimində çıxış edən Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş, istixana qazlarının tullantılarının dərhal azaldılmasının vacibliyini vurğulayıb. Bildirib ki, bizim qalıq yanacaqlardan asılılığımız bəşəriyyəti uçurumun kənarına sürükləyir.
Qlobal istiləşməyə də toxunan Antonio Quterreş söyləyib ki, “Ya biz bunu dayandıracağıq, ya da o bizi. Buna “bəsdir” demək vaxtıdır”.
Daha sonra çıxış edən ABŞ Prezidenti Co Bayden “İqlim dəyişikliyi ilə mübarizə mənəvi bir öhdəlikdir. Amma bu, həm də iqtisadiyyatlar üçün inanılmaz imkanlar təqdim edir" söyləyib. Qlobal istiləşmə ilə mübarizəni qaçış yarışlarına bənzədən Bayden, 2030-cu ilə qədər istiləşməni 1,5 dərəcədə saxlayacaq bir sprint qaçışının edilməsi lazım olduğunu bildirib.
ABŞ Prezidenti 2030-cu ilə qədər ölkəsinin istixana qazı emissiyalarını 50-52 faiz azaldacağı ilə bağlı proqnozunu bölüşüb.
Tədbirdə çıxış edən Fransa Prezidenti Emmanuel Makron ən çox karbon buraxan ölkələr arasında 1,5 dərəcə istiləşmə hədəfini paylaşmayanların olduğunu və konfransın məqsədinin bu ölkələri razı salmaq olduğunu bildirib.
Hindistan Prezidenti ölkəsinin 20 il sonra karbon emissiyalarını sıfıra endirəcəyini vəd edib.
Xatırladaq ki, Azərbaycan Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr sənədində baza ili (1990) illə müqayisədə 2030-cu ilə istilik effekti yaradan qazların emissiyalarının səviyyəsində 35 faiz azalmanı hədəf kimi götürüb. İqlim dəyişmələri üzrə Çərçivə Konvensiyasına uyğun Azərbaycan Respublikasının qəbul etdiyi öhdəliklərin yerinə yetirilməsinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 30 aprel tarixli Sərəncamı ilə İqlim Dəyişmələri üzrə Dövlət Komissiyası yaradılıb, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 11 mart tarixli Sərəncamı ilə Komissiyanın yeni tərkibi müəyyən edilib.
Aynurə Tağıyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Qlazqo