BMT-NİN REZİDENT-ƏLAQƏLƏNDİRİCİSİ AZƏRBAYCANIN KƏND TƏSƏRRÜFATI NAZİRİ İLƏ GÖRÜŞMÜŞDÜR
Kənd təsərrüfatı naziri İsmət Abasov BMT-nin Azərbaycandakı rezident-əlaqəndiricisi, qurumun İnkişaf Proqramının nümayəndəsi Bruno Pueza ilə görüşmüşdür.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, nazir qonağı yeni təyinatı münasibətilə təbrik etmiş, ona ölkəmizdəki fəaliyyətində uğurlar arzulamışdır. İ.Abasov vurğulamışdır ki, BMT-yə üzvlük Azərbaycan dövlətinə öz müstəqilliyini möhkəmləndirmək, dünya birliyinə sıx inteqrasiya olunmaq imkanı vermişdir. BMT Azərbaycanın ərazi bütövlüyünün tərəfdarıdır və bu məqsədlə Təhlükəsizlik Şurası hələ 1993-cü ildə erməni işğalı altında olan torpaqlarımızın qeyd-şərtsiz azad olunmasına dair dörd qətnamə qəbul etmişdir. Lakin Ermənistan tərəfi bu qətnamələrə məhəl qoymamışdır və hələ də Azərbaycan ərazisində işğalçı siyasətini davam etdirir.
İsmət Abasov məlumat vermişdir ki, Azərbaycan BMT-nin ixtisaslaşmış qurumları ilə sıx əməkdaşlıq edir, onun bir sıra layihə və proqramlarının iştirakçısıdır. Ölkəmiz 1995-ci ildən BMT-nin daha iki nüfuzlu qurumunun - Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) və Beynəlxalq Kənd Təsərrüfatının İnkişafı Fondunun (İFAD) üzvüdür. Nazir bu qurumların maliyyə dəstəyi ilə reallaşdırılmış layihələrdən, o cümlədən İFAD-ın Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyində həyata keçirilən iki layihəsindən söz açmış, tezliklə Azərbaycanda FAO-nun ofisinin fəaliyyətə başlayacağını bildirmişdir. Xatırlatmışdır ki, hazırda respublikamızda BMT ilə birgə yeni proqramın - Yoxsulluğun Azaldılması və Davamlı İnkişaf Proqramının həyata keçirilməsi istiqamətində iş aparılır. O, aqrar sahənin inkişafına dövlət qayğısı barədə də danışmışdır.
Bruno Pueza FAO-nun ölkəmizdə açılacaq ofisinin qarşılıqlı əməkdaşlığa yeni təkan verəcəyini vurğulamış, Azərbaycan hökumətinin neft sektorundan əldə olunan gəlirləri aqrar sahənin inkişafına yönəltməsini yüksək qiymətləndirmişdir. Xüsusi qeyd etmişdir ki, Azərbaycanın meyvə-tərəvəz məhsullarının keyfiyyəti və dadı başqa ölkələrdəkindən müqayisəolunmaz dərəcədə yüksəkdir. Sadəcə olaraq, bu məhsulların Avropa standartlarına uyğun marketinqinə və fasiləsiz tədarükünə diqqət yetirilməlidir.
BMT təmsilçisi FAO-nun təcrübəsindən istifadə olunaraq irriqasiya və suvarma sistemlərinin təkmilləşdirilməsini, gübrələrdən səmərəli istifadəni tövsiyə etmişdir. Bruno Pueza demişdir ki, belə olan təqdirdə fermerlərin məhsul istehsalına sərf etdikləri məsrəflər də azalır. Eyni zamanda, müasir suvarma sistemləri torpaqların şoranlaşmasının da qarşısını alır.
Görüşdə BMT və onun ixtisaslaşmış təşkilatları ilə Azərbaycan arasında aqrar sahədə əməkdaşlığın inkişaf etdirilməsinin perspektivlərinə dair geniş fikir mübadiləsi aparılmışdır.