BMU “ADEX 2026”da 11 elmi-tədqiqat nəticəsi və innovativ həll təqdim edib
Bakı, 2 oktyabr, AZƏRTAC
Bakı Mühəndislik Universitetinin (BMU) “ADEX 2026” VI Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində təqdim etdiyi elmi-tədqiqat nəticələri və innovativ həllər ziyarətçilərin marağına səbəb olub.
Universitetdən AZƏRTAC-a bildirilib ki, sərginin son günündə BMU-nun stendini Azərbaycan Respublikası Prezidenti yanında Təhlükəsizlik Şurası katibinin müavini, general-polkovnik Mədət Quliyev, “PAŞA Holdinq”in Direktorlar Şurasının sədr müavini, “Sumqayıt Texnologiyalar Parkı” MMC-nin Müşahidə Şurasının sədri Mir Camal Paşayev, eləcə də müdafiə sənayesi və texnologiya sahələrində fəaliyyət göstərən şirkətlərin nümayəndələri, yerli və xarici iştirakçılar ziyarət ediblər.
Ziyarətlər zamanı BMU-da aparılan tətbiqyönümlü elmi-tədqiqat işlərinin nəticələri, onların praktiki tətbiq imkanları və sənaye ilə əməkdaşlıq perspektivləri barədə məlumat verilib.
Universitetin laboratoriyalarında aparılan tədqiqatlar əsasında hazırlanmış 11 elmi-tədqiqat nəticəsi və innovativ həll sərgidə nümayiş etdirilib. Nəticələrin bir qisminin aidiyyəti qurumlarda praktiki sınaqlardan keçirilməsi və müsbət nəticələrin əldə olunması onların tətbiqi imkanlarını nümayiş etdirib.
Stenddə təqdim olunan layihələrdən biri LoRa P2P texnologiyası əsasında hazırlanmış “Loko GPS Tracker” sistemi olub. Mobil rabitə və internet bağlantısının olmadığı ərazilərdə istifadə üçün nəzərdə tutulan sistemin müdafiə, pilotsuz uçuş aparatları, axtarış-xilasetmə, kənd təsərrüfatı və digər sahələrdə tətbiq imkanları təqdim edilib.
Üç gün davam edən “ADEX 2026” sərgisi BMU-nun elmi-tədqiqat nəticələrinin sənaye nümayəndələrinə təqdim edilməsi, yeni əlaqələrin qurulması və əməkdaşlıq imkanlarının müzakirəsi baxımından əhəmiyyətli platforma olub.