ELM VƏ TƏHSİL
BMU ilə “QS” agentliyi arasında əməkdaşlıq müqaviləsi imzalanıb
Xırdalan, 20 sentyabr, AZƏRTAC
Dünyanın ən nüfuzlu reytinq təşkilatı olan “Quacquarelli Symonds”un (“QS”) Şərqi Avropa və Orta Asiya üzrə regional direktoru Sergey Xristolyubov Bakı Mühəndislik Universitetində (BMU) olub.
Bu barədə AZƏRTAC-a universitetdən bildirilib. Qonaqla görüşən BMU-nun rektoru Yaqub Piriyev son illər ali məktəbin inkişafı üçün atılan addımlardan, elmi-tədqiqat və digər sahələrdə tətbiq olunan yeniliklərdən bəhs edib.
BMU-nun elmi-tədqiqat fəaliyyətinin daha da gücləndirilməsi üçün beynəlxalq əməkdaşlığa xüsusi önəm verildiyini, habelə bu istiqamətdə qazanılan uğurları diqqətə çatdıran rektor universitetin “QS Avropa 2025” reytinq cədvəlində müsbət nəticə əldə etdiyini, ötən illə müqayisədə 60 pillə irəliləyərək 491-ci mövqeyə yüksəldiyini, Qərbi Asiya universitetləri arasında isə 34-cü yerdə qərarlaşdığını bildirib. Yaqub Piriyev “QS” agentliyi ilə əməkdaşlığın BMU-nun inkişafına, beynəlxalq səviyyədə fəaliyyətini daha geniş tanıtmasına müsbət təsir göstərəcəyinə əminliyini ifadə edib.
Sergey Xristolyubov isə dünyada ali təhsil xidmətləri sahəsində tanınan “QS” agentliyinin fəaliyyəti, eləcə də beynəlxalq səviyyəli keyfiyyət nişanı olan “QS Stars” haqqında məlumat verib. “QS” reytinqlərində Azərbaycan universitetlərinin də potensialının təhlil olunduğunu qeyd edən regional direktor onların müxtəlif parametrlər üzrə irəlilədiyini, eləcə də BMU-nun son dövrlər bu yöndəki uğurlarını yüksək qiymətləndirərək bunun davamlı olacağına inandığını söyləyib.
Görüşün sonunda BMU ilə “Quacquarelli Symonds” arasında əməkdaşlığa dair müqavilə imzalanıb.
Müqavilədə “QS Stars” reytinq qiymətləndirilməsinə qoşulmaq, beynəlxalq agentliyin reputasiya sorğularının analitik məlumat bazasına çıxış əldə etmək kimi mühüm məsələlər yer alıb.