İDMAN
Boks üzrə tələbələr arasında Avropa çempionatında Azərbaycanı 7 idmançı təmsil edəcəkdir
Bakı, 6 dekabr (AZƏRTAC). Dekabrın 11-15-də Moskvada boks üzrə tələbələr arasında Avropa çempionatı keçiriləcəkdir.
Azərbaycan Boks Federasiyasından AZƏRTAC-a bildirmişlər ki, “Krokus-Siti” sarayında keçiriləcək yarışda milli komandamızın 7 üzvü iştirak edəcəkdir. Rusiya paytaxtında Kamran Məlikov , Elnur Zeynalov, Salman İbrahimov, Şaban Şahpələngov, Yolçu Zeynalov, Rauf Rəhimov və Fərid Paşayev rinqə çıxacaqlar.
R.Rəhimov bu il İrlandiyanın paytaxtı Dublində keçirilmiş gənclər arasında Avropa birinciliyində qızıl medal qazanmışdır. K.Məlikov və Ş.Şahpələngov həmin yarışda iştirak etsələr də, mükafatçılar sırasına düşə bilməmişlər. Ş.Şahpələngov 2010-cu ildə Bakıda təşkil olunmuş gənclər arasında dünya birinciliyinin qalibidir.
Turnirdə C.Abıyev ölkəmizi hakimlər kollegiyasında təmsil edəcəkdir.