MƏDƏNİYYƏT
Bolnisi rayonunun Darbaz kəndindəki mədəniyyət evinə azərbaycanlı alimin adı verilmişdir
Bolnisi, 22 aprel (AZƏRTAC). Gürcüstanın əsasən azərbaycanlılar yaşayan Kvemo Kartli-Borçalı bölgəsindəki Bolnisi rayonunun Darbaz kəndi rayonun ən böyük yaşayış məntəqələrindən biridir.
Kənddəki mədəniyyət evi əsaslı təmir olunmuş və bu mədəniyyət müəssisəsinə həmin kəndin yetirməsi, filologiya elmləri doktoru, mərhum professor Valeh Hacıların adı verilmişdir.
Bu münasibətlə təşkil olunmuş mərasimdə ziyalılar, ictimaiyyətin nümayəndələri, Kvemo Kartli-Borçalı bölgəsi quberniyasının, Bolnisi rayonunun rəhbərləri, Gürcüstan parlamentinin deputatları iştirak etmişlər.
Bolnisi Rayon İcra Hakimiyyətinin başçısı İosif Laliaşvili qeyd etmişdir ki, bu gün yalnlz bizim rayon üçün deyil, bütün bölgəmiz üçün əlamətdardır. Həmyerlimiz, görkəmli alim, Gürcüstan-Azərbaycan ədəbi əlaqələrinin daha da inkişafında böyük əməyi olmuş Valeh Hacıların xatirəsinin doğma kəndində əbədiləşdirilməsi bizim üçün fəxrdir. Rayon rəhbərliyi kənd mədəniyyət evinin onun adına verilməsinə dair qərarı yekdilliklə dəstəkləmişdir.
Kvemo Kartli-Borçalı bölgəsi qubernatorunun müavini Hüseyn Yusifov demişdir ki, Gürcüstanda Valeh Hacıların xatirəsinə həsr olunmuş “Qafqaz xalqlarının folkloru və linqvokulturologiyası” mövzusunda keçirilmiş Beynəlxalq elmi simpoziumun davamı olaraq alimin xatirəsini əbədiləşdirmək məqsədilə doğma kəndi Darbazdakı mədəniyyət evinə onun adı verilmişdir. Əminəm ki, bu mərasim el şənliyinə çevriləcək, el-oba öz oğlunu xatırlayacaq və ənənə davam etdiriləcəkdir.
Türk Dünyası Yazarlar və Sənətçilər Fondunun prezidenti Yəhya Akengin Qarapapaq Mehralı bəyin elində görkəmli alim, 30-dək kitabın müəllifi, incə qəlbli şair, Azərbaycan-Gürcüstan, Türkiyə-Gürcüstan ədəbi əlaqələrinin tədqiqində xüsusi əməyi olmuş Valeh Hacıların xatirəsinə həsr olunmuş tədbirdə iştirakından məmnun olduğunu bildirmişdir. O, qeyd etmişdir ki, bu görüş mənə yeni yaradıcılıq ilhamı verəcək, bütün təəssüratlarımı mütləq qələmə alıb çap etdirəcəyəm. Əminəm ki, Borçalı çoxlu Mehralı bəylər, Valeh Hacılar yetişdirəcək, biz onlarla fəxr edəcəyik.
Sonda Valeh Hacıların oğlu Fəxri Hacıyev atasının xatirəsinin əbədiləşdirilməsinə görə ailə üzvləri adından təşəkkürünü bildirmişdir.
İslam Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Bolnisi