Bolqarıstanda prezident və parlament seçkiləri üçün kampaniya başlayır
Sofiya, 16 oktyabr, AZƏRTAC
Bolqarıstanın Xalq Məclisinə (parlamentinə) növbədənkənar seçkilər və ölkə prezidenti seçkiləri ilə əlaqədar cümə günü kampaniya başlayıb. Namizədlərin ilk müsahibələri qəzetlərdə dərc olunub, aparıcı siyasi partiya və koalisiyaların nümayəndələri televiziya verilişlərinin qonağı olublar. Seçicilər arasında namizədliyini dəstəklənməsi üçün təşviqatçılara tam 30 gün vaxt verilir.
Mərkəzi Seçki Komissiyası (MSK) 1992-ci ildən bəri prezident seçkilərində iştirak etmək üçün rekord sayda - 23 namizədi qeydə alıb ki, onlardan dördü qadındır. Doqquz namizəd təşəbbüs komitələri, qalanları siyasi partiyalar tərəfindən irəli sürülüb.
Noyabrın 14-də keçiriləcək prezident seçkiləri ilə eyni vaxtda baş tutacaq erkən parlament seçkilərində iştirak etmək üçün Mərkəzi Seçki Komissiyası 20 siyasi partiya və yeddi koalisiyanı qeydə alıb. Təxminən 6300 nəfər deputat olmaq istəyini bildirib. İlkin seçici siyahılarına 6,7 milyondan çox adam daxil edilib, lakin sosioloji qurumların proqnozlarına görə, səsvermədə cəmi 3 milyona yaxın Bolqarıstan vətəndaşı iştirak edəcək.
Koronavirus pandemiyası ilə əlaqədar, seçkilər sanitar təhlükəsizlik tədbirlərinə uyğun olaraq təşkil ediləcək, seçkilərin sosial məsafəyə riayət etməklə və qoruyucu maskalardan istifadə etməklə açıq havada keçirilməsi tövsiyə olunur. Seçki komissiyalarının işçilərindən peyvənd edilmələri istənilib.
Seçki kampaniyasının başlamasından iki gün əvvəl təqdim olunan “Alpha Research” sosioloji agentliyinin məlumatına əsasən, təşəbbüs komitəsi tərəfindən irəli sürülmüş və Bolqarıstan sosialistləri və digər siyasi birliklərin nümayəndələri tərəfindən dəstəklənən Rumen Radev və vitse-prezident İliyana Yotova ən böyük dəstəyə malikdirlər. Seçicilərin 42,6 faizi onlara səs verməyə hazırdır. Onların əsas rəqibləri Bolqarıstanın Avropa İnkişafı Vətəndaşları (GERB) partiyasının dəstəklədiyi Sofiya Universitetinin rektoru Anastas Gerjikov və Nevyana Miteva olacaq. Seçicilərin 28,1 faizi onları təsdiq etməyə hazırdır. Üçüncü yeri isə Demokratik Bolqarıstan koalisiyasının dəstəklədiyi, 8,2 faiz seçicilərin dəstəyini qazana biləcək Ali Kassasiya Məhkəməsinin sədri Lozan Panov tutur. Digər rəqiblər arasında Haqq və Azadlıqlar Hərəkatının lideri Mustafa Karaday, “Ataka” Partiyasının sədri Volen Siderov, “Volya” Partiyasının sədri Veselin Mareşki, “Vozrojdeniye” Partiyasının sədri Kostadin Kostadinov, Bolqarıstanın Milli Qurtuluş Cəbhəsinin sədri Valeri Simeonov və başqaları var. Sosioloqlar prezident seçkilərinin iki turu əhatə edəcəyini proqnozlaşdırırlar.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Sofiya