BOLQARISTANDA QİƏT ÖLKƏLƏRİ MİLLİ İNFORMASİYA AGENTLİKLƏRİ ASSOSİASİYASININ İKİNCİ KONFRANSI KEÇİRİLİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, sentyabrın 8-də Bolqarıstanda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan Ölkələrin Milli İnformasiya Agentlikləri Assosiasiyasının (BSANNA) ikinci konfransı başlanmışdır.
Qurumun təsisçilərindən biri olan AZƏRTAC-ın baş direktoru Aslan Aslanov konfransda iştirak edir.
Sentyabrın 7-də Sofiyada A.Aslanov ilə Bolqarıstan Teleqraf Agentliyinin (BTA) baş direktoru Maksim Minçevin görüşü olmuş, konfrans barədə fikir mübadiləsi aparılmışdır. M.Minçev həmkarını BTA-nın iş şəraiti və əməkdaşları ilə də tanış etmişdir.
Həmin gün Sofiyada üzv agentliklərin rəhbərləri və təmsilçilərinin qeyri-rəsmi görüşü keçirilmişdir. Bolqarıstan Baş nazirinin müavini, xarici işlər naziri İvaylo Kalfin görüş iştirakçılarını səmimi salamlayaraq, regiondakı hadisələrə dair informasiya mübadiləsində xəbər agentliklərinin mühüm rolu olduğunu bildirmişdir. Görüş iştirakçıları yaradıcılıq problemlərini, daha səmərəli əməkdaşlıq əlaqələrinin qurulması ilə bağlı məsələləri müzakirə etmişlər.
Konfransın rəsmi açılışı Bolqarıstanın məşhur kurort şəhəri Pomoriedə olmuşdur. BSANNA-da sədrlik edən “Ukrinform”un baş direktoru Viktor Çamaranın giriş sözündən sonra Bolqarıstan parlamentinin Xarici siyasət komitəsinin sədri Solomon Passi çıxış etmişdir. O, Azərbaycanla əlaqələrə də toxunmuş, ölkəmizdə səfərdə olduğunu xatırlatmışdır.
Sonra təşkilati məsələlərə baxılmış, BSANNA-da sədrlik BTA-ya keçmişdir. Konfransda Xorvatiyanın HINA, Makedoniyanın MIA və Gürcüstanın GHN agentlikləri açıq səsvermə ilə qurumun yeni üzvləri seçilmişdir. İTAR-TASS-ın təklifi ilə növbəti konfrans gələn il Moskvada keçiriləcəkdir.
Sentyabrın 9-da konfrans öz işini davam etdirəcəkdir.