BÖYÜK BRİTANİYA ƏSGƏRLƏRİNİN İRAQLILARI TƏHQİR ETMƏSİ İŞİ ARAŞDIRILIR
Britaniya hökumətinin nümayəndəsi bildirmişdir ki, hərbçilərin ünvanına bütün ittihamlar səylə araşdırılacaqdır. 2003-cü ildən İraqda 80 min Britaniya əsgəri xidmət etmişdir və iraqlılarla qəsdən sərt rəftar edilməsi ittihamı altıncı dəfədir səslənir. O demişdir: “Heç kim bu ittihamların ciddiliyinə şəkk gətirmir, lakin bunlara daha ümumi mənada baxmaq lazımdır”. Onun sözlərinə görə, Böyük Britaniya hökumətinin hər hansı formada təhqirlərə dözmədiyini həm İraq, həm də ölkə ictimaiyyətinin diqqətinə çatdırmaq vacibdir.
Baş nazir Toni Bleyer faktla bağlı bildirmişdir ki, İngiltərə qoşunları bütövlükdə İraqda böyük iş görmüşlər və onları dəstəkləmək lazımdır. O, baş verən hadisənin səylə araşdırılacağını vəd etmişdir.
İraqın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Müvəffəq Rübai həmin hadisənin iraqlıların iştirakı ilə tam araşdırılmasını, habelə zorakılığa məruz qalanlardan üzr istənilməsini və onlara kompensasiya ödənilməsini tələb etmişdir.
Haqqında söhbət açılan videolentdə hərbçilərə bənzər adamlar iraqlı yeniyetmələri sürüyərək döyürlər. Operator isə kadr arxasında gülür və yoldaşlarını qızışdırır. Qəzetin hərbi düşərgə adlandırdığı tikili yaxınlığında küçə iğtişaşlarını göstərən kadrlar da var. Hərbçilər iğtişaşlarda iştirak edən gəncləri qovur, onların dördünü yaxalayıb dəyənəklə, yumruqla döyürlər. Bütün bunlar bir dəqiqə çəkir, lakin bu vaxt ərzində gənclərə 42 zərbə vurulur.