DÜNYA
Böyük Britaniyada şəkərli diabet xəstələrinin həyatını dəyişdirə bilən süni mədəaltı vəzi cihazı sınaqdan keçirilir
London, 5 aprel, AZƏRTAC
Böyük Britaniyada şəkərli diabet xəstələrinin həyatını tamamilə dəyişdirə bilən süni mədəaltı vəzi cihazı sınaqdan keçirilir.
AZƏRTAC xəbər verir ki, cihaz 1-ci tip şəkərli diabet xəstələrinin qlükoza ölçmə testi aparmaq ehtiyacını aradan qaldıra, qan şəkərinin təhlükəli səviyyələrə düşməsinin və hipoqlikemik hücumların qarşısını ala bilər.
1-ci tip diabet ölüm riski daşıyan ciddi xəstəlikdir. Xəstələrdə mədəaltı vəzi qanda şəkərin səviyyəsinə nəzarət edən hormon insulini istehsal edə bilmir. Xəstəlik ürəyə, böyrəklərə, gözlərə və sinirlərə daimi ziyan vura bilər.
Dərinin altına yerləşdirilmiş sensor və insulini ötürən nasosdan ibarət olan süni mədəaltı vəzi cihazı əsl mədəaltı vəzin funksiyasını yerinə yetirir. Sensor bədəndəki qan qlükoza miqdarına daim nəzarət edir və bu məlumatları smart cihaza göndərir.
Dərinin altında da olan avtomatik nasos bədəndəki şəkərin aşağı düşməsi zamanı insulin dəyərlərini tarazlaşdırır. Milli Səhiyyə Xidməti (NHS) bu texnologiyanın ilk dəfə ölkə daxilində sınaqdan keçirildiyini və diabetli insanların həyatını dəyişdirə biləcəyini açıqlayıb. Böyük Britaniyanın aparıcı diabet xeyriyyə təşkilatlarından biri kimi tanınan “Diabetes UK” şirkətinin baş direktoru Kris Askev söyləyib ki, bu texnologiya 1-ci tip diabetli insanların həm həyat keyfiyyətini, həm də kliniki nəticələrini yaxşılaşdırmaq potensialına malikdir.
Aynurə Tağıyeva
AZƏRTAC-ın xüsusi müxbiri
London