Böyük Britaniyanın “Avropa Times” qəzetində Xocalı soyqırımından bəhs edən məqalə dərc edilmişdir
London, 21 fevral (AZƏRTAC). AZƏRTAC-ın Londondakı xüsusi müxbiri Orxan İsmayılovun Böyük Britaniyanın “Avropa Times” qəzetində “Xocalı soyqırımı - XX əsrin davam edən ədalətsizliyi” sərlövhəli məqaləsi dərc edilmişdir.
Məqalə ümummilli lider Heydər Əliyevin soyqırımı haqqında sözlərindən sitatla başlanır.
Müəllif Xocalı faciəsi haqqında məlumat vermiş, bu qətliamın Azərbaycan tarixinin ən qanlı səhifələrindən biri olduğunu vurğulamışdır. Bildirilmişdir ki, bu faciə təkcə Azərbaycan xalqına qarşı deyil, bütün insanlığa qarşı törədilmiş cinayətdir.
Müəllif, həmçinin vurğulamışdır ki, Xocalının işğalı zamanı ermənilər Azərbaycanın sosial inkişaf dinamikasını özündə əks etdirən maddi mədəniyyət nümunələrini məhv etmişlər. Bu, erməni vəhşiliyi və dünya mədəniyyətinə qarşı təcavüzün bariz nümunəsidir. Beynəlxalq aləmdə ermənilərin bu vəhşiliyi haqqında məlumat əldə edən jurnalistlər və publisistlər dəhşətə gəldiklərini bildirmişlər.
Məqalədə, həmçinin dünya ictimaiyyətinin bu soyqırımı barədə məlumatlandırılmasının vacibliyi vurğulanmış, BMT, Avropa İttifaqı, ATƏT kimi beynəlxalq təşkilatların məsələ ilə bağlı tezliklə ölçü götürəcəklərinə və bu ədalətsizliyə son qoyacaqlarına ümid bəsləndiyi diqqətə çatdırılmışdır.
Məqalə Martin Luterin “Müəyyən bir yerdə olan ədalətsizlik, hər yerdə olan ədalətə təhdiddir” sözləri ilə başa çatır.