Böyük Qayıdış: Böyük Qaladərəsi və Şükürbəyli kəndlərinə köç karvanları yola salınıb VİDEO
Bakı, 25 may, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Şuşanın Böyük Qaladərəsi və Cəbrayıl rayonunun Şükürbəyli kəndlərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
AZƏRTAC xəbər verir ki, bu mərhələdə Böyük Qaladərəsi kəndinə 14 ailə - 64 nəfər, Şükürbəyli kəndinə 119 ailə - 535 nəfər köçürülüb. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.