Böyük Qayıdış konsepsiyası Kəlbəcərdə də tezliklə uğurla yerinə yetiriləcək - RƏY
Bakı, 25 noyabr, AZƏRTAC
Azərbaycan xalqı qüdrətli dövlətimizin sayəsində tarixi günlərini yaşayır. Biz işğala yalnız 30 il dözdük. Dözdük ki, möhkəmlənək və vaxtilə qucaq açdığımız, amma nankorluğuna tuş gəldiyimiz, bizə ərazi iddiası ilə savaş açan ermənilərin, onlara züy tutanların cavabını verək. Kimlərinsə köməyi, dəstəyi ilə torpaqlarımızı işğal edən Ermənistan fərqinə varmırdı ki, bu xəyanətin sonu onun üçün bu qədər ağır olacaq.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Kəlbəcərdən olan deputatı Aqil Məmmədov səsləndirib.
Deputat qeyd edib ki, müdrik siyasi xadim, güclü sərkərdə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında hədəfə doğru addım-addım və zərgər dəqiqliyi ilə bütün istiqamətlərdə işlər aparılır, hazırlıq görülürdü. Təbii ki, dövlətimiz münaqişənin sülh yolu ilə həllinə çox çalışdı, amma nəticənin olmadığını görəndə çıxış yolunu silahın, “Dəmir yumruğ”un gücündə gördü. Azərbaycan dövləti və ordusu 2020-ci ildə “mənəm-mənəm” deyən Ermənistanı diz çökdürdü, onu kapitulyasiya aktına imza atmağa məcbur etdi. 30 ildən sonra 20 faiz torpaqlarını düşməndən geri alan Azərbaycan tarix yazdı, həm ölkə tarixində, həm də dünya tarixində. Prezident İlham Əliyevin rəhbərliyi, siyasi iradəsi ilə tarixlər yazmağa davam edən ordumuz Zəfərimizdən 3 il sonra isə bizi illərdir həsrət qaldığımız Xankəndiyə, Xocalıya qovuşdurdu. Bax, əsl tarix, əsl qəhrəmanlıq budur! Artıq bütün dünya bu qəhrəmanın Azərbaycan və onun Lideri İlham Əliyev olduğunu qəbul edir.
Zəfər tariximizlə qürur duyduğunu, hər şeydən əvvəl bir vətəndaş kimi özünü çox xoşbəxt hiss etdiyini deyən A.Məmmədov doğulub boya-başa çatdığı Kəlbəcərlə bağlı xatirələrini bölüşüb: “Kəlbəcərin Ağdaban kəndində dünyaya göz açmışam. Bütün uşaqlığım, gəncliyim orada keçib. Uzun müddət bu rayona rəhbərlik etmişəm, Kəlbəcərin hər daşı, hər torpağı mənim üçün çox əzizdir. “Kəlbəcər” toponiminin mənşəyinin qədim türk dilində “çay üstündə qala” demək olduğunu diqqətə çatdıran deputatın sözlərinə görə, buradakı daş abidələr Şimali Azərbaycanda erkən dövr türklüyün, atəşpərəstliyin, xristianlığın, VII əsrdən isə İslamın yayıldığı dövrlərdə yaradılıb.
Ulu Öndər Heydər Əliyevin işğal edilmiş rayonlarımızın gələcək taleyi ilə bağlı vaxtilə dediyi müdrik fikirlər artıq bu gün reallığa çevrilib. Ümummilli Lider hər zaman Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu və oradan məcburi köçürülən insanların öz yurd-yuvalarına qayıdacaqlarını deyirdi. Ulu Öndər 1996-cı ildə kəlbəcərlilərlə görüşündə bildirmişdi ki, heç şübhəsiz, Kəlbəcər işğaldan azad olunacaq və kəlbəcərlilər öz doğma evlərinə qayıdacaqlar. İndi həmin vaxt gəlib çatıb”.
Deputat bildirib ki, üçtərəfli Bəyanata əsasən Kəlbəcər rayonunun 2020-ci il noyabrın 15-də təhvil verilməsi qərarlaşdırılsa da, qarşı tərəfin xahişi ilə bu müddət noyabrın 25-dək uzadılıb.

“Dövlətimizin başçısının uzaqgörən siyasəti və siyasi iradəsi ilə Ağdam və Laçın rayonları kimi, Kəlbəcər də bir güllə belə atılmadan azad edildi. Noyabrın 25-dən cəmi bir ay yarım sonra, yəni, yanvarın 9-da doğma yurda, Ağdaban kəndinə getdim. Həmin an keçirdiyim hissləri, həyəcanımı sözlə ifadə etməkdə çətinlik çəkirəm. Kənd yox idi, ermənilər hər şeyi yerlə-yeksan etmişdilər. Bakıya qayıtdıqdan sonra hər şey mənə yuxu kimi gəlirdi. İnanmırdım ki, Kəlbəcərə, Ağdabana gedib-gəlmişəm. Yuxularımızı, xəyallarımızı həqiqətə çevirdiyi üçün Müzəffər Ali Baş Komandana, rəşadətli Ordumuza minnətdarıq, şəhidlərimizin ruhu qarşısında baş əyirik”, - deyə A.Məmmədov vurğulayıb.
Erməni vəhşiliyindən söhbət açan deputat doğulduğu Ağdaban kəndində törədilmiş soyqırımı hadisəsindən danışıb. Bildirib ki, erməni separatçıları tərəfindən törədilmiş qırğın nəticəsində 130 evdən ibarət kənd tamamilə yandırılıb. Kəndin 779 dinc sakininə müxtəlif işgəncələr verilib, 67 nəfər isə amansızlıqla qətlə yetirilib. Yaralarımızı saran və onları sağaldan Ordumuza, Müzəffər Ali Baş Komandana təşəkkür edən A.Məmmədov şəhidlərimizə rəhmət diləyib, qazilərimizə cansağlığı arzulayıb.
Zəfəri ilə regionda yeni reallıq yaradan Azərbaycanı irəlidə hələ daha böyük uğurların gözlədiyini qeyd edən deputat deyib: “Hazırda Qarabağda və Şərqi Zəngəzurda nəhəng bərpa-yenidənqurma işləri aparılır, infrastruktur yenidən qurulur, insanlarımız mərhələli şəkildə evlərinə qayıdırlar. Azərbaycanın ən yüksək dağ rayonu olan, gözəl təbiəti və zəngin faydalı qazıntı yataqları ilə fərqlənən doğma Kəlbəcərdə də hazırda genişmiqyaslı bərpa və infrastruktur işləri aparılır. Böyük əhəmiyyətə malik Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində inşa olunan 11,6 kilometrlik tunel regionun ən böyük logistik layihələrindən biridir. Göygöl və Kəlbəcər rayonlarını birləşdirən avtomobil yolunun uzunluğu 81 kilometr təşkil edir. Kəlbəcərdə inşa edilən tunellərin çətin relyefi olan ərazilər üçün əhəmiyyəti böyükdür.
İcra olunan layihələr mülki əhali, hərbçilər üçün, həmçinin müdafiə nöqteyi-nəzərdən mühüm əhəmiyyətə malikdir. Çətin relyefə malik Kəlbəcərin elektrik enerjisi ilə təmin olunması istiqamətində mühüm işlər görülür. 110/35/10 kilovoltluq “Kəlbəcər” yarımstansiyası, “Kəlbəcər-1”, həmçinin “Çıraq-1” və “Çıraq-2” Kiçik Su Elektrik stansiyaları artıq istifadəyə verilib”.
A.Məmmədov vurğulayıb ki, dövlətimizin başçısının bölgələrə vaxtaşırı səfərləri, eyni zamanda, quruculuq işlərinə özünün şəxsən nəzarət etməsi dövlətin işğaldan azad olunmuş ərazilərə diqqət və qayğısının təcəssümüdür. Prezident İlham Əliyevin dəfələrlə Kəlbəcərə səfər etdiyini və mühüm obyektlərin açılışlarını həyata keçirdiyini diqqətə çatdıran deputat Prezident İlham Əliyevin avqustun 25-də birinci xanım Mehriban Əliyeva ilə birlikdə Kəlbəcər rayonunda “İstisu” mineral sudoldurma zavodunun tikintisi və “İstisu” Müalicə-İstirahət Kompleksində görülən işlər ilə yaxından tanış olduğunu bildirib. Onun sözlərinə görə, 1991-ci ildə fəaliyyətini dayandıran “İstisu” mineral sudoldurma zavodunun yenidən tikilməsi ölkəmizin turizm imkanlarını artırmaqla yanaşı, həm də insanların iş yerləri ilə təmin olunması deməkdir.
“Təsadüfi deyil ki, Kəlbəcəri Azərbaycanın “qərb qapısı” adlandırırlar. Turizmin inkişafı üçün Kəlbəcərin gözəl təbiəti, əlverişli relyefi, zəngin mineral suları ölkəmizin iqtisadiyyatı üçün böyük əhəmiyyət daşıyır. Dövlətimizin başçısı işğaldan azad edilən bölgələrin, o cümlədən Kəlbəcərin də bərpası, yenidən qurulması və gələcək inkişafı üçün lazımi göstəriş, tapşırıq və tövsiyələrini verir. İnşallah, torpaqlarımızın azadlığı, ərazi bütövlüyümüzün tam bərpası kimi, Böyük Qayıdış konsepsiyası da tezliklə uğurla yerinə yetiriləcək. Dövlətimizin gücü və qüdrəti sayəsində tezliklə Kəlbəcərdə də həyat öz axarına düşəcək, insanlarımız doğma evlərinə qayıdacaqlar”, - deyə Aqil Məmmədov fikirlərini yekunlaşdırıb.