“Bravo”dan xeyirxah addım: 10 min tənha yaşlıya ərzaq yardımı edilib
Bakı, 18 aprel, AZƏRTAC
“Bravo” supermarketlər şəbəkəsi ölkəmizdə yaşlı nəslə diqqət və qayğı göstərilməsi kimi milli-mənəvi dəyərləri əsas tutaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilən sosial layihəyə qoşulub.
“Bravo” supermarketlər şəbəkəsindən AZƏRTAC-a bildiriblər ki, sosial məsuliyyət prinsipinə sadiqliyini göstərərək, marketlər şəbəkəsi yaşı 65-dən yuxarı olan tənha yaşlıları ərzaq məhsulları ilə təmin etməklə onlara yardım göstərib. Belə ki, bitki yağı, un, düyü, makaron, mal ətindən konservlər, kolbasa və sosislər, çay, kartof, soğan və bu kimi təməl qida məhsullarından ibarət 10 mindən çox ərzaq paketləri şirkət tərəfindən hazırlanaraq ölkə ərazisində ehtiyacı olan ahıl şəxslərə çatdırılıb.
Bu təşəbbüsün əsas məqsədi pandemiyadan qorunmaları məqsədilə evdən çıxmaları qadağan edilən yaşlı insanların gündəlik ərzaq mallarına olan ehtiyacını aradan qaldırmaq, onların rifahını təmin etmək və hazırkı dövrdə #evdəqal çağırışına dəstək göstərməkdir.
Qeyd edək ki, bu ayın sonunadək “Bravo” supermarketlər şəbəkəsindən daha bir neçə sosialyönümlü layihənin həyata keçirilməsini planlaşdırır.
Bu sosial aksiya cəmiyyətimizdə yaşlı nəslə və həssas qruplardan olan insanlara diqqət və qayğı ilə yanaşılması kimi yüksək milli-mənəvi dəyərlərə sadiqliyi əks etdirir.