CƏMİYYƏT
Braziliya nümayəndə heyəti “ASAN xidmət”in fəaliyyəti ilə tanış olub
Bakı, 13 noyabr, AZƏRTAC
Braziliya Federativ Respublikasının dövlət xidmətlərində idarəetmə və innovasiya nazirinin müavini Adauto Modesto Juniorun rəhbərlik etdiyi nümayəndə heyəti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.
AZƏRTAC xəbər verir ki, nazir müavini BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “ASAN xidmət”in noyabrın 14-də keçirəcəyi Yaşıl Qabaqcıl İdarəetmə üzrə Nazirlər Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdədir.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev ona qurumun müxtəlif fəaliyyət istiqamətləri, o cümlədən Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” mərkəzləri və sosial innovasiyalar istiqamətində həyata keçirilən layihələr barədə ətraflı məlumat verib.
Braziliya rəsmisi “ASAN xidmət” mərkəzinin onda yüksək təəssürat yaratdığını və bu konsepsiyanın ölkəsində tətbiqi üçün əməkdaşlığa başlayacaqlarını bildirib.
Həmçinin qonaqlar “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi, Səyyar “ASAN xidmət”, “ABAD” publik hüquqi şəxsin fəaliyyəti barədə məlumatlandırılıb.