Britaniya Muzeyi öz keçmişini “təmizləyir”
Bakı, 27 avqust, AZƏRTAC
Pandemiya dövründə Parfenonun frizləri, Nereidaların abidəsi, Rozetta daşı, II Ramzesin büstü və asteklərə məxsus ikibaşlı ilan 163 gün Britaniya Muzeyinin qapıları arxasında qalıb. Avqustun 27-də muzeydə təmizlik işləri ilə məşğul olan 30 nəfərlik heyət əsrlərlə toz altında qalan həmin xəzinəni ziyarətçilərin ixtiyarına verib.
AZƏRTAC elmundo.es saytına istinadla xəbər verir ki, “Koronavirus infeksiyası” adı altında təmizlənilən eksponatlardan biri də muzeyin əsasını qoyan, dünya mədəniyyətinə böyük töhfələr verən Hans Sloanın büstü olub. Eksponat muzeyin maarifləndirmə qalereyasındakı kürsüdən endirilərək qonşu otaqların birinə qoyulub. Araşdırma nəticəsində 1660-cı ildə İrlandiyada anadan olan və Yamaykada şəkər qamışı sahələrində qul taciri kimi tanınan Hans Sloanın qaranlıq keçmişə malik olduğu üzə çıxıb. Görünür vaxtilə Bristolda qul taciri Edvard Kolstonun heykəlinin sökülməsinə səbəb olan ABŞ-dakı “Black Lives Matter” hərəkatı bu dəfə dünyanın məşhur muzeyini özünün qaranlıq keçmişinə yenidən baxmağa məcbur edib.
“Biz Hans Sloanın büstünü gizlətməmişik, sadəcə onun yerini dəyişmişik. Tarix bəzən ağrılı olsa da, biz buna hazır olmalıyıq. Yaraları sağaltmaq üçün gərək həqiqəti bilməlisən”, - deyə Britaniya muzeyinin direktoru Hatviq Fişer bildirib.
"Britaniya Muzeyləri" kitabının müəllifi Dan Hiks qeyd edib ki, Hans Sloanın büstünü muzeyin bir otağından digərinə köçürmək kifayət deyil. Onun fikrincə Britaniya Muzeyinin növbəti qaçılmaz addımı salonlarında nümayiş etdirdiyi oğurlanmış nadir tapıntıları öz sahibinə qaytarmaqdır. Bunlar 1897-ci ildə hazırkı Nigeriyanın cənubundakı Benin Kral sarayında Britaniya qoşunlarının etdiyi qarət nəticəsində əldə olunan 200-dən çox tunc eksponatlardır.