İDMAN
Britaniyalı idmançılar: Bakı Milli Gimnastika Arenasında gözəl mühit hökm sürür

Bakı, 3 mart, AZƏRTAC
Bakıdakı Milli Gimnastika Arenasında əsl idman bayramı ab-havası hökm sürür.
AZƏRTAC xəbər verir ki, bu fikir Bakıda keçirilən akrobatika gimnastikası üzrə dünya yaş qrupları yarışlarının britaniyalı iştirakçıları Uilyam Klark və Harli Kertis-Lourensin mətbuat nümayəndələrinə açıqlamasında əksini tapıb.
“Biz təsnifat mərhələsində çıxışımızdan razı qaldıq. Burada xoş mühit hökm sürür, yarışlar yüksək səviyyədə təşkil olunub. İdmançılar üçün hər cür şərait yaradılıb. Komandamıza gəldikdə, hamımız yaxşı nəticəyə köklənmişik, əhvali-ruhiyyəmiz yüksəkdir. Bakıda uğur qazanmaq niyyətindəyik”, - deyə idmançılar bildiriblər.
Qeyd edək ki, martın 6-dək davam edəcək yarışda 24 ölkədən 438 gimnast iştirak edir. Yarışda idmançılar 12-18 və 13-19 yaş qrupları üzrə kişi, qadın, qarışıq cütlüklər, kişi qrupları, qadın qrupları balans, temp və qarışıq hərəkətlər proqramında qüvvələrini sınayırlar. Azərbaycanı yarışda 12-18 yaş kateqoriyasında Rəsul Seyidli, Rəvan Zeynallıdan ibarət kişi cütlüyü, Nəzrin Qasımova, Xanım Məmmədzadədən ibarət qadın cütlüyü, Milana Əliyeva, Nizam Xamidulindən ibarət qarışıq cütlük, Anahita Bashiri, Zəhra Rəşidova, Nəzrin Zeyniyevadan ibarət qadın qrupu və 13-19 yaş kateqoriyasında Leyla Bəşirova, Nəzrin Fərmanova, Mənsumə Məmmədzadədən ibarət qadın qrupu təmsil edir.