ELM VƏ TƏHSİL
BSU-nun beynəlxalq əlaqələri genişlənir
Bakı, 8 avqust (AZƏRTAC). Dünyanın bir çox ölkələrinin nüfuzlu ali təhsil ocaqları ilə sıx əlaqələr quran Bakı Slavyan Universiteti qarşılıqlı maraq üzərində qurulmuş əməkdaşlığın əhatə dairəsini genişləndirir.
AZƏRTAC xəbər verir ki, Rusiyanın ilk prezidenti B.N.Yeltsin adına Ural Federal Universitetinin rektoru Viktor Kokşarov BSU-nun qonağı olmuşdur. Universitetin müəllim və tələbə heyəti ilə görüşdə BSU-nun rektoru, AMEA-nın müxbir üzvü professor Kamal Abdullayev ali təhsil ocağının yaranma tarixi, fakültələri, strukturu, çoxşaxəli fəaliyyəti haqqında ətraflı məlumat vermişdir. K.Abdullayev demişdir: “Kollektivimiz Yekaterinburq Universiteti haqqında kifayət qədər məlumatlıdır. Bizi sıx dostluq və əməkdaşlıq əlaqələri birləşdirir”. K.Abdullayev vurğulamışdır ki, BSU-nun tələbə və müəllimləri Azərbaycanda yaşayan, rus dilinin, mədəniyyətinin və mənəviyyatının daşıyıcıları olan rus kəndləri sakinləri ilə daim əlaqə saxlayır, onlarla görüşür, rus kəndlərində təcrübədə olur, folklor nümunələri toplayırlar.
Rektor bildirmişdir ki, bu görüş çərçivəsində imzalanacaq əməkdaşlıq müqaviləsində həmin təcrübələrdə toplanmış folklor nümunələrinin ortaq araşdırılması da nəzərdə tutulmuşdur. Ural Federal Universitetinin filologiya sahəsində böyük elmi potensiala malik olduğundan folklor yaradıcılığı sahəsində məhz həmin universitetlə əməkdaşlıq etməyə çox şadıq. K. Abdullayev daha bir vacib məqamı da vurğulamışdır: “Biz “Elmi əsərlər”in birgə buraxılışı layihəsi üzərində işləyirik və mən inanıram ki, yaxınlarda ilk nəşri elmi ictimaiyyətə həm Azərbaycanda, həm də Rusiyada təqdim edəcəyik”. Rektor onu da qeyd etdi ki, Ural Federal Universitetində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin açılması barədə razılıq əldə edilmişdir.
BSU-nun hər sahədə yüksək inkişafını qeyd edən Ural Federal Universitetinin rektoru V.Kokşarov rəhbərlik etdiyi ali məktəbin tarixi haqqında ətrafı məlumat vermişdir. BSU ilə əməkdaşlığa hazır olduqlarını vurğulayan rektor bunun üçün əlindən gələni edəcəyini bildirmişdir.
Sonra BSU ilə Ural Federal Universiteti arasında əməkdaşlıq haqqında müqavilə imzalanmışdır. Müqaviləyə əsasən iki universitet arasında tələbə-müəllim mübadiləsinin, müştərək elmi konfransların, seminarların təşkil olunması, birgə elmi-metodiki vəsaitlərin hazırlanması barədə razılaşma əldə edilmişdir. Müqavilədə BSU tərəfindən Ural Federal Universitetində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin açılması da nəzərdə tutulmuşdur.
Azərbaycan Respublikasının Yekaterinburq şəhərindəki baş konsulu S.Qasımov görüşdə iştirak etmişdir.