Bu gün ANAMA-nın yaradılmasından 22 il ötür
Bakı, 18 iyul, AZƏRTAC
İyulun 18-də Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) yaradılmasının 22-ci ildönümü tamam olur.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 18 iyul tarixli Sərəncamı ilə ANAMA-nın yaradılması ölkəmizdə mina və partlamamış hərbi sursatın təmizlənməsi probleminin həlli istiqamətində ilk addım olub.
Qarşıya qoyulmuş məqsədə çatmaq üçün Agentlik ötən dövrdə beynəlxalq ekspertlərlə birlikdə sabit milli potensial yaratmağa müvəffəq olub. Təşkilat humanitar minatəmizləmə üçün bütün əsas resurs və vasitələrə malikdir. Agentlik tərəfindən minatəmizləmə əməliyyatları 459 nəfərlik əməliyyat heyətinin, 125 nəfərlik inzibati heyətin, 6 mexaniki minatəmizləmə maşınının və 40 minaaxtaran itin iştirakı ilə Abşeron, Ağcabədi, Ağdam, Ağstafa, Astara, Balakən, Bərdə, Cəbrayıl, Cəlilabad, Daşkəsən, Füzuli, Goranboy, Göygöl, Gədəbəy, Kürdəmir, Lənkəran, Naftalan, Oğuz, Qaradağ, Qazax, Quba, Salyan, Samux, Şamaxı, Şirvan, Şəmkir, Tərtər, Tovuz, Ucar, Xaçmaz, Xızı, Xocavənd, Yevlax, Zaqatala rayonları və Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki şəhərləri ərazisində aparılır. Ümumilikdə indiyədək 5,5 milyard kvadratmetrdən çox ərazi yoxlanılıb, 800 mindən çox mina və PHS aşkarlanaraq zərərsizləşdirilib. Təkcə cari il yanvarın 1-dən iyulun 17-dək 193 siqnal (əməliyyat çağırışı) əsasında 172 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olub. Bu müddətdə 420 partlamamış hərbi sursat, piyada əleyhinə 11, tank əleyhinə 20 mina və 7414 müxtəlif çaplı patron zərərsizləşdirilib, 82 min 590 kvadratmetr ərazi yoxlanılıb.
ANAMA ötən 22 ildə ölkədə və xaricdə çoxsaylı layihələri uğurla icra edib. Agentliyin mina təhlükəsinə dair maarifləndirmə, minadan zərərçəkənlərə yardım sahələrində kifayət qədər təcrübəsi var və hər iki istiqamət üzrə layihələr bu gün müvəffəqiyyətlə həyata keçirilir. Eyni zamanda, ANAMA beynəlxalq minatəmizləmə qurumları ilə qarşılıqlı yardım və təcrübə mübadiləsini uğurla reallaşdırır. Bununla yanaşı, Azərbaycan hökumətinin tapşırığına əsasən, Əfqanıstan İslam Respublikasına qeyri-hərbi sahədə yardım layihəsi çərçivəsində Agentlik 2008-ci ildən bir sıra tədbirlər həyata keçirib. ANAMA dövlət proqramına müvafiq olaraq, 2009-cu ildən başlayaraq ikitərəfli əlaqələr çərçivəsində Əfqanıstan, Gürcüstan, Tacikistan, Türkiyə və Ukraynadan olan mütəxəssislər üçün təlimlər təşkil edib. Eləcə də 2015-ci ildən indiyədək Agentlik tərəfindən Fövqəladə Hallar Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin, yerli icra orqanlarının və digər qurumların müraciətləri əsasında təxirəsalınmaz əməliyyatlar aparılıb.