Bu gün Füzuliyə yola salınan daha 25 ailə doğma yurduna çatıb
Füzuli, 27 noyabr, Aydın Yavərzadə, AZƏRTAC
İşğaldan azad olunan Füzuliyə sakinlərin qayıdışı davam edir. Noyabrın 27-də səhər saatlarında növbəti köç karvanı ilə Bakı şəhərinin Qaradağ rayonundan yola salınan keçmiş məcburi köçkünlər Füzuliyə çatıblar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bununla da daha 25 ailə (106 nəfər) doğma yurduna qovuşub. Yenidən çiçəklənən Füzuli şəhərinə çatan ailələr Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları tərəfindən böyük coşqu ilə qarşılanıblar.
Daha əvvəl Füzulidə məskunlaşan həmyerliləri ilə görüşən keçmiş məcburi köçkünlər Vətənə qovuşmağın sevincini yaşayıblar.