Bu gün İranda görkəmli şair-filosof Əbdülqasım Firdovsinin doğum günü qeyd olunur
Tehran, 14 may AZƏRTAC.
Mayın 14-də İranda ölməz “Şahnamə” poemasının müəllifi, görkəmli şair-filosof Əbdülqasım Firdovsinin (934-1025) doğum günü qeyd olunur.
AZƏRTAC xəbər verir ki, hər il şairin doğum günü müxtəlif təntənəli tədbirlərlə qeyd olunurdu. Lakin koronavirus pandemiyası ilə əlaqədar cari ildə yalnız bir onlayn konfrans keçirildi.
İranın Xorasan vilayətinin Tus şəhərində anadan olan şair uzun illər orduda xidmət edərkən xalqın məişəti, mifləri və əfsanələrini öyrənmiş, emosional təsirə malik olan şeirlər yazmışdı. Ə. Firdovsinin həyatı haqqında dövrümüzə qədər az məlumatlar çatıb. Lakin dünya mədəniyyətinin ən görkəmli abidəsi hesab edilən “Şahnamə” şairin həyatı barədə də məlumatlar verir.
Ə. Firdovsinin fəlsəfəsi ondan ibarətdir ki, cəmiyyətdə hər kəs vicdanlı, vətənini, xalqını sevən, hər zaman hər yerdə haqsızlığa qarşı mübarizə aparan və sağlamlığına diqqət edib fiziki baxımdan güclü və humanist olmalıdır. Dostluğa və məhəbbətə sadiq qalmalıdır. Onun əsərin əfsanəvi qəhrəmanları Rüstəm, Siyavuş, Cəmşid məhz belə yüksək keyfiyyətlərə malik olan personajlardı.
“Şahnamə” əsərini tamamlayan şair, onu sultan Mahmud Qəznəviyə təqdim edir. Lakin Ə. Firdovsinin azadlıq sevgisi ilə yaşayan qəhrəmanları qəddar və despotik fikirlərə malik olan sultanın xoşuna gəlmir və şair təqiblərə məruz qalaraq İrandan qaçmaq məcburiyyətində qalır. Sonralar İrana qayıdan Ə. Firdovsi doğma Tus şəhərində də vəfat edir. Sultanın qəzəbinə tuş gələn şairin nəşinin şəhər qəbiristanlığında dəfn edilməsinə icazə verilmir. Böyük şair-filosofu bir neçə dostu öz evinin bağçasında dəfn edirlər.
Ə. Firdovsinin anadan olmasının min illiyi münasibəti ilə Rza şah Pəhləvi 1928-ci ildə onun qəbri üzərində mavzoleyinin ucaldılması haqqında sərəncam verir. Bu gün şairin mavzoleyi İrana gələn turistlərin sevimli yerlərindən biridir.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran